Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1195/2025 02.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, protokolu tərtib edən X4, zərərçəkmiş şəxs X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-181/2022, xx.xx.2025-ci il tarixli, e-2(027)-146/2025 saylı icra sənədlərini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərdi ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)-181/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq borclu Şəxs 2 uşağın saxlanılması üçün cəmi 300 manat pul tutularaq tələbkar X5 xeyrinə tutulmalıdır. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8(027)- 146/2025 saylı icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq borclu Şəxs 2 uşağın saxlanılması üçün aliment məbləği artırılaraq cəmi 400 manat pul tutularaq tələbkar X5 xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2022ci il, xx.xx.2025-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi tam şəkildə təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yeri yoxlanılmış və borclunun adında heç bir əmlak həmçinin gəlir yerinin olmadığı məlum olmuşdur. Borclu Şəxs bugünədək 3750 manat ödəniş etmiş hal-hazırda 11450 manat məbləğində borcu mövcuddur. Həmçinin qeyd etmişdir ki, borclu axtarışa verilmiş, barəsində axtarış işi açılmışdır. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, taksi şirkətində işləyir, 7, 9 yaşlarında iki övladı var. Məhkəmə qətnaməsiylə hər ay 300 manat ödəməlidir, o 200 manat aliment ödəyir, maddi imkanlarına görə tam ödəniş edə bilmir. Qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, o heç yerdə işləmir, uşaqların gündəlik ehtiyacları, təhsil ehtiyacları artır, gözündən xəstədir, müalicəyə ehtiyacı vardır. Atası xəstədir onun uşaqlarına baxa bilmir. Axırıncı dəfə iki ay, sentyabr, oktyabr aylarında 200 manat aliment ödəyib, ümumi 3750 manat ödəniş edib. Aliment uşaqların haqqıdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(027)-181/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, 20 fevral 2017-ci il təvəllüdlü X6 və 25 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment və 25 yanvar 2019-cu il təvəllüdlü X2 üç yaşı tamam olana qədər hər ay 50 (əlli) manat məbləğdə aliment alınıb X3 ödənilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-146/2025 saylı Quba rayon Məhkəməsinin Qərardadına əsasən yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment indeksasiya edilməsi qərar alınmışdır. Quba rayon İcra və Probasiya şöbəsinin arayışından görünür ki, Şəxs 11450 manat aliment borcu vardır. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə, baxmayaraq o, icra sənədini icra etməmişdir. Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi barədə protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli 560076/25 nömrəli axtarış işi üzrə borclu şəxs kimi axtarılan Şəxs Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Quba RPŞ-nə gətirilib protokol tərtib olunmuşdu. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli hazırkı qərarın elan olunduğu 02 dekabr 2025-ci il tarixdən, saat 14:35-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 02 dekabr 2025-ci il tarixdən, saat 14:35-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-1195/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1195/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver