Məhkəmə qərarları › İş №3(027)-1196/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1196/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1196/2025 02.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, protokolu tərtib edən şəxs X1, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 02 dekabr 2025-ci il tarixli, MN 1702218-4986 №-li protokol tərtib edilərək baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs şikayəti əsasında və qaynı X2 izahatına əsasən Şəxs onları təhqir etmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X3 bildirdi ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, yəni xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs 102 xidmətinə zəng edərək, Quba rayonu, 2-ci Nügədi kəndində yaşayan əri Şəxs onu evə buraxmamış, uşaqların sənədlərini ona verməmiş, onu nalayiq ifadələrlə təhqir etmişdir. Bundan başqa qaynı X4 da izahatında qeyd etmişdir ki, yeznəsi Şəxs içkili halda Aşağı- Atuc kəndinə gələrək onların ünvanına ucadan nalayiq söyüşlər söyür, bacısını təhqir edir. Köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma aparılmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə ailəlidir, onların iki övladı var, noyabr ayından uşaqları da götürüb atası evinə gedib, həmin gün gedib ki, onları qaytarıb gətirsin, qaynatası buna icazə verməyib. Uşaqlar azyaşlıdılar qızı məktəbə gedir, bu müddət ərzində uşaq mətəbdən də yayınıb. O nalayiq sözlər işlətməyib, onları təhqir etməyib, uşaqlarını istəyib, həmin gün az içkili olub. Ədalətli cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, içkili gəlir onunla yola getmir, həmin gün özünü pis hiss etdiyi üçün əri Rəşadın razılığı ilə atası gilə gedib, artıq bir aya yaxındır atasının evindədir. Əri Şəxs içkili halda Aşağı-Atuc kəndinə gəlib, onu, azyaşlı qızını, valideynlərini, qardaşını nalayiq ifadələrlə təhqir edir. Əvvəllərdə belə hallar tez-tez baş verib, uşaqların atasıdı deyib onu bağışlayıb, indi artıq mümkün deyil. Bundan narahat olduğunu və mütəmadi baş verməmək üçün Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində yeznəsi Şəxs içkili halda Aşağı-Atuc kəndinə gələrək onların ünvanına ucadan nalayiq söyüşlər söydüyünü, bacısını, valideynlərini təhqir etdiyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, protokol tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərəçəkən şəxsi və şahidi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzrə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112- 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 02 dekabr 2025-ci il tarixdən, saat 14:45-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar