Məhkəmə qərarları › İş №3(027)-1198/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1198/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1198/2025 17.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X1 iştirak ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsilə 12 noyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-dən vətəndaş X3 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən”Real AMM” MMC-yə xx.xx.2025-ci il tarixli məktub göndərilərək müraciətə dair sənədlərin 7 iş günü ərzində DƏMX-yə təqdim edilməsi tələb edilmiş, lakin sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 verdiyi izahatda qeyd etmişdir ki, artıq hüquqi şəxs tərəfindən müvafiq sənədlər Xidmətə təqdim edilmişdir. Bununla bağlı Xidmət tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktub da mövcuddur. Hesab etmişdir ki, hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün hər hansı bir əsas mövcud deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə lazımı qaydada məlumat verilsə də, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 01 oktyabr 2025-ci il tarixli məktubla bildirilmişdir ki, X3 “AS” adlı şirkətdə əmək hüquqlarının pozulması barədə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı müraciətə Xidmətdə baxılır. İşəgötürənin adı və ünvanının dəqiqləşdirilməsi məqsədilə müraciət müəllifi ilə telefon əlaqəsi saxlanıldığı zaman o "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulduğunu bildirmişdir. Əmək müqaviləsinin, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin, iş vaxtının uçotu cədvəllərinin 7 iş günü ərzində Xidmətə təqdim edilməsi xahiş edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 23 oktyabr 2025-ci il tarixli məktubla bildirilmişdir ki, vətəndaşa aid müvafiq sənədlərin Xidmətə təqdim edilməsi məqsədilə “”Real AMM” MMC-yə AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, o cümlədən AR İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələbləri barədə məlumatlandırılmaqla xx.xx.2025-ci il tarixli sorğu məktubu göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir. Bununla əlaqədar inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixə saat 10:30-da Xidmətə dəvət olunurlar. Poçt göndərişlərinin izlənilməsi barədə məlumata əsasən sözügedən məktub xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. "xxxx" MMC tərəfindən 16 sentyabr 2025-ci il tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanlanmış məktubla qeyd edilmişdir ki, X5 və vətəndaş X4 "xxxx" MMC-də heç bir fəaliyyəti olmamışdır. Bu vətəndaşlar subpodrat şirkət olan "xxxx" MMC-nin işçiləri olublar. X5 30 oktyabr 2025-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət edərək bildirmişdir ki, əvvəlki müraciətində "xxxx" MMC barəsində şikayət ərizəsi təqdim etmişdi. Lakin o Şəxs MMC adlı şirkəti tanımır və heç vaxt həmin şirkətdə işləməmişdir. Şikayət ərizəsini səhvən yazdığı üçün nəzərə alınmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətin tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 03 dekabr 2025-ci il tarixli məktubla bildirilmişdir ki, Xidmət tərəfindən MMC-nin vəzifəli şəxsi olaraq Ratmir Mustafayev barəsində qəbul edilmiş 24 noyabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” haqqında qərar qəbul edilmişdir. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı tərəfindən xx.xx.2025-ci il tarixində sənədlər təqdim edilərək törədilmiş hüquqpozma aradan qalxdığından cərimə ödənilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 539.1-1. Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 539.3. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 01 oktyabr 2025-ci il tarixli məktub əsasında müvafiq sənədlərin ( o cümlədən əmək müqaviləsinin, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin, iş vaxtının uçotu cədvəllərinin) xidmətə təqdim edilməsi xahiş edilmiş, həmin sənədlərin müəyyən olunmuş müddət ərzində təqdim edilməməsi əsası ilə AR İXM-in 539.3-cü maddəsinə əsasən 12 noyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sənədlərin təqdim edilməsinin tələb edilməsinə əsas məhz X5 tərəfindən AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış müraciəti olmuşdur. Məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, sözügedən şəxs daha sonra 30 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ərizə ünvanlayaraq, şikayət ərizəsinin nəzərə alınmamasını xahiş etmişdir. Əlavə olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" –də MMC-də vəzifəli şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 24 noyabr 2025-ci il tarixdə qərar qəbul edilmiş, daha sonra isə elə həmin tarixdə yuxarıda adıçəkilən sənədlərin təqdim edilməsi, nəticədə hüquqpozmanın aradan qaldırılması əsası ilə cərimənin ödənilməməsi barədə Xidmət tərəfindən MMC-yə müvafiq məktub ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda; inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, hazırki halda AR İXM –in 53.1.2-ci maddəsinin rəhbər tutulmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar