Məhkəmə qərarları › İş №3(027)-1201/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1201/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1201/2025 02.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki azyaşlı uşağı olan, işsiz, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə acıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(057)-2311/2024 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş böyük icra məmuru Əmrullayev Nürəddin oğlu izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(057)-2311/2024 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş 03 noyabr 2013-cü il təvəllüdlü X9 və 10 dekabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən cavabdeh Şəxs hər uşağa görə ayda 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağa görə hər ay 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu Şəxs bu vaxta qədər cəmi 129 (bir yüz iyirmi doqquz) manat ödəniş etmiş, 6471 (altı min dörd yüz yetmiş bir) manat borcu qalmışdır. Şəxs dəfələrlə telefon vasitəsilə icra şöbəsinə çağırılsa da, gəlməmişdir. Şəxs yerini müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Şəxs Quba RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saxlanılaraq saat 17:00 Quba rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Sonda Şəxs tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, tələbkarla aralarındakı nikah pozulandan sonra 7-8 ay sonra alimentin təyin edildiyindən xəbəri olmuşdur. Alimentdən məlumatı olandan sonra alimenti ödəməyə başlamışdır. Maddi vəziyyətinə görə alimenti tam ödəmək iqtidarında deyil. Ayda cəmi 50 manat ödəməyə maddi imkanı çatır. Qeyd olunanlara əsasən barəsində yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X6 bildirmişdir ki, Şəxs icra məmurunun çağırışlarına gəlməməklə səhvə yol vermişdir. Lakin əməlindən peşmandır. Tələbkarla aralarında razılığa gələrlərsə Şəxs ödəniş edə bilər. Göstərilənləri nəzərə alaraq həbslə bağlı olmayan tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 2(057)-2311/2024 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş 03 noyabr 2013-cü il təvəllüdlü X9 və 10 dekabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən cavabdeh Şəxs hər uşağa görə ayda 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağa görə hər ay 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(057)-2311/2024 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə böyük icra məmuru X1 icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan “borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədləri üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. İş materiallarında olan “axtarışda olan şəxsin yerinin müəyyən edilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli 560322/25 saylı axtarış işi üzrə borclu şəxs kimi axtarılan Şəxs Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Quba rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, Şəxs Quba RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 17:00 saxlanılmışdır. Məhkəmə hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs saxlanıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 2 (iki) iş saatına görə 22 (iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, VÖEN: **********, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Quba RPŞ-nə həvalə edilsin. Şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 2 (iki) iş saatına görə 22 (iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, VÖEN: **********, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar