Məhkəmə qərarları › İş №3(027)-1216/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1216/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1216/2022 09.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 və X6 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 04 noyabr 2022ci il tarixli, 01400/3733 nömrəli elektron qərarından X8 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli, 01400-3789/22 saylı protokol və həmin protokol əsasında qəbul edilmiş 04 noyabr 2022-ci il tarixli, 01400/3733 nömrəli Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X10 tərəfindən qəbul edilmiş 04 noyabr 2022-ci il tarixli, 01400/3733 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən onun guya 2017-2018-ci illər ərzində 3 yük gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 49170,15 ABŞ dolları (83589,25 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi əsası ilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilərək inzibati xətanın bilavasitə obyekti olan 20000 (iyirmi min) manat məbləğində vəsaitin dəyərinin 50 faizi, yəni 10000 (on min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə olunmuş 49170,15 ABŞ dolları (83589,25 manat) məbləğində vəsaiti 01400/3733 saylı qərarın qəbul edildiyi tarixdən etibarən bank hesabına köçürülməsinin təmin edilməsi qərara alınmışdır. Həmin qərar Şimal Ərazi Baş Gömrük idarəsi tərəfindən ona rəsmi qaydada verilməmişdir. O, həmin qərarı 12 noyabr 2022-ci il tarixdə rəsmi qaydada almışdır. Ona görə də hesab edir ki, qərardan şikayət verməklə bağlı müddəti ötürməmişdir. O, Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən barəsində qəbul edilmiş 04 noyabr 2022-ci il tarixli, 01400/3733 nömrəli qərarı ilə razılaşmır. Belə ki, Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən başlanılmış inzibati xəta barədə iş üzrə icraata inzibati xəta haqqında işə baxılan vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığından, o cümlədən qeyd edilən vəsaitlərin geri qaytarılmaması ondan asılı olmayan səbəblərdən baş verdiyindən və onun bu halda təqsiri olmadığından iş üzrə icraata xitam verilməli idi. Belə ki, qeyd edilən qərardan da göründüyü kimi inzibati xətanın yaranma səbəbi kimi 2017- 2018-ci illər ərzində Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac olunmuş yüklərin müqabilində köçürülməli olan 49170,15 ABŞ dolları (83589,25 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi təşkil etmişdir. Gömrük bəyənnaməsinin tarixi 2017-2018-ci illər kimi qərarda göstərilmişdir. Məhkəmə iclasında Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, X8 barəsində onun tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində 3 gömrük bəyannaməsi əsasında müxtəlif şirkətlərə ümumilikdə 49170,15 ABŞ dolları (83589,25 manat) məbləğində müxtəlif kənd təsərrüfatı məhsullarının dəyərindən ümumilikdə 49170,15 ABŞ dolları (83589,25 manat) məbləğində pul vəsaitinin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı material Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, oradan isə Quba rayon prokurorluğuna həvalə edilmişdir. Quba rayon prokurorluğunun böyük müstəntiqi X11 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla X6 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında X6 nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək və şikayətə əlavə təqdim edərək bildirmişdir ki, Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2022-ci il tarixli, 34/012/005325 saylı raportunun icrası ilə əlaqədar olaraq X8 tərəfindən xx.xx.2017-ci il tarixli, **********1099 nömrəli, xx.xx.2017-ci il tarixli, **********4809 nömrəli və xx.xx.2018-ci il tarixli, **********0317 nömrəli gömrük bəyannamələri üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 49170,15 ABŞ dolları (83589,25 manat) üzrə 180 günə qədər, yəni xx.xx.2022-ci il tarixə qədər xarici valyutanın bank hesabına köçürülməsi təmin edilməli olduğunu, sonuncu gömrük bəyannaməsinin xx.xx.2018-ci il tarixdə olduğunu nəzərə alsaq, bu müddət xx.xx.2019-cu il tarixdə olmalı idi. Son müddət xx.xx.2019-cu il olmasına baxmayaraq, həmin konsiqnasiya yolu ilə ixrac edilmiş mala görə pul vəsaitinin geri qaytarılmaması ilə bağlı inzibati xəta üzrə inzibati tənbeh isə xx.xx.2022-ci il tarixdə verildiyindən, İXM-nin 38ci maddəsində qeyd olunan 1 illik müddət ötürülməklə qəbul edilmişdir. Həmin müddətin keçməsi inzibati tənbeh tədbirinin görülməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş xəta uzanan xəta deyildir, inzibati xətanın törədildiyi gün qaydalarda nəzərdə tutulmuş 180 gün keçdikdən sonrakı növbəti gündür və həmin xətanın dayandırılması üçün kənar müdaxilə və ya şəxsin öz hərəkətlərinə ehtiyac yoxdur. Ona görə də qeyd edilənləri nəzərə alaraq şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş 01400/3733 nömrəli, 04 noyabr 2022-ci il tarixli qərardan X8 tərəfindən verilmiş şikayət təmin edilməli, 01400/3733 nömrəli, 04 noyabr 2022-ci il tarixli qərar ləğv edilməli və X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 04 noyabr 2022-ci il tarixli, 01400/3733 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 20000 manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 10000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmiş, Azərbaycan Respublikası vətəndaşı X8 xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 49170,15 ABŞ dolları (83589,25 manat) məbləğində vəsaiti onun barəsində qəbul olunmuş 01400/3733 saylı qərarın qəbul edildiyi tarixdən etibarən bank hesabına küçürülməsini təmin etmiş, Azərbaycan Respublikası vətəndaşı X8 tərəfindən 49170,15 ABŞ dolları (83589,25 manat) məbləğdə vəsaitin müvəkkil olunmuş bank hesabına köçürülməsinə nəzarəti Şimal Ərazi Baş Gömrük idarəsi, Gömrük Əməliyyatları İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının 07 dekabr 2022-ci il tarixli hesabdan çıxarışından görünür ki, X8 xx.xx.2018-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsininin hesabına 33,360.00 ABŞ dolları ödənilmişdir. İş materiallarında olan Quba rayon prokurorluğunun böyük müstəntiqi X11 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X8 tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində 3 gömrük bəyannaməsi əsasında müxtəlif şirkətlərə ümumilikdə 49170,15 ABŞ dolları (83589,25 manat) məbləğində müxtəlif kənd təsərrüfatı məhsullarının dəyərindən ümumilikdə 49170,15 ABŞ dolları (83589,25 manat) məbləğində pul vəsaitinin müvəkkil bank hesabına köçürülməyərək xaricdən qaytarılmaması 180 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə törədilsə də, uzanan inzibati xəta olduğundan və xx.xx.2022-ci il tarixdə aşkara çıxarıldığından inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. X6 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün prokuror qarşısında məsələ qaldırılmış və X6 əməlində cinayət tərkibi olmadığından 188c-22 №-li material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Quba rayon prokuroru vəzifəsini icra edən X1 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 188c-22 nömrəli material üzrə xx.xx.1961-ci ildə Quba rayonu, İspik kəndində anadan olmuş, evli, ali təhsilli, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olan və yaşayan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar toplanmış sənədlərlə birlikdə baxılması üçün Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibatı-Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadı fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizınədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası” Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə sərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd olunur ki, AR İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas, vəsaitin xaricdə fəaliyyət göstərən hüquqi şəxsə köçürülməsi anı ilə deyil, bu ödənişin aparıldığı gündən Qaydaların 4.3.1.3-cü bəndində müəyyən edilmiş müddətdə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsinin və ya idxal olunn xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmaması ilə şərtləndirimişdir. Bu halda avans ödənişi edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində mallar (xidmətlər) idxal edilmədikdə və ya valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi, yəni valyuta tənzimi qaydalarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci üç ay keçənədək tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 2020-ci il 28 fevral tarixli Qərar). Materialdan görünür ki, fiziki şəxs X8 tərəfindən xx.xx.2017-ci il tarixdə **********1099 nömrəli gömrük bəyannaməsi üzrə müvəkkil bank qismində “Beynəlxalq” SKB-nın Xaçmaz şəhər filialı seçilməklə hüquqi şəxs "xxxx" MMC-yə 31590 ABŞ dolları dəyərində, xx.xx.2017-ci il tarixdə **********4809 nömrəli gömrük bəyannaməsi üzrə müvəkkil bank qismində “Beynəlxalq” SKB-nın Xaçmaz şəhər filialı seçilməklə hüquqi şəxs "xxxx" MMC-yə 1762,20 ABŞ dolları dəyərində, xx.xx.2018-ci il tarixdə **********0317 nömrəli gömrük bəyannaməsi üzrə müvəkkil bank qismində “Beynəlxalq” SKB-nın Xaçmaz şəhər filialı seçilməklə hüquqi şəxs "xxxx" MMC-yə 7520 ABŞ dolları məbləğində olmaqla müxtəlif kənd təsərrüfatı məhsulları konsiqnasiya yolu ilə ixrac olunsa da, malların əvəzində nəzərdə tutulan pul müvəkkil bank hesabına qaytarılmamışdır. Bununla da, X6 inzibati xətaya yol vermə faktı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində 3 gömrük bəyannaməsi əsasında baş vermişdir. Qanunvericiliyin tələbinə əsasən inzibati xəta törədildiyi gündən ən geci bir il keçənədək, inzibati tənbeh verilməli olduğu halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. X6 xx.xx.2019-cu il tarixə qədər, yəni bir ildən artıq müddət ərzində inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmədiyini nəzərə alıb, qeyd edilən şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraatın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsini qanuni hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də X8 barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün, inzibati iş üzrə icraata xitam verməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.1-ci bəndinə görə hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları nın 12.2-ci bəndinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci bəndinə görə şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin məzmununa görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir kı, Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2022-ci il tarixli, 34/012/005325 saylı raportunun icrası ilə əlaqədar olaraq X8 tərəfindən xx.xx.2017-ci il tarixli, **********1099 nömrəli, xx.xx.2017-ci il tarixli, **********4809 nömrəli və xx.xx.2018-ci il tarixli, **********0317 nömrəli gömrük bəyannamələri üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 49170,15 ABŞ dolları (83589,25 manat) üzrə 180 günə qədər, yəni xx.xx.2018-ci il tarixə qədər xarici valyutanın bank hesabına köçürülməsi təmin edilməli olduğunu, sonuncu gömrük bəyannaməsinin xx.xx.2018-ci il tarixdə olduğunu nəzərə alaraq, bu müddət xx.xx.2019-cu il tarixdə olmalı idi. Son müddət xx.xx.2019-cu il olmasına baxmayaraq, həmin konsiqnasiya yolu ilə ixrac edilmiş mala görə pul vəsaitinin geri qaytarılmaması ilə bağlı inzibati xəta üzrə inzibati tənbeh isə xx.xx.2022-ci ıl tarixdə verildiyindən, İXM-nin 38-ci maddəsində qeyd olunan 1 illik müddət ötürülməklə qəbul edilmişdir. Həmin müddətin keçməsi inzibati tənbeh tədbirinin görülməsini istisna edir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən belə nəticəyə gəlmək olur ki, belə xarakterli inzibati xətalarda əgər qaydalarda konkret müddət göstərilibsə və bu müddətin növbəti günü icra edilmədikdə qaydalar artıq pozulursa, inzibati xətanın törədildiyi gün həmin gün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Quba RPŞ-nin X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş 01400/3733 nömrəli, 04 noyabr 2022-ci il tarixli qərardan X8 tərəfindən verilmiş şikayət təmin edilməli, 01400/3733 nömrəli, 04 noyabr 2022-ci il tarixli qərar ləğv edilməli və X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şimal Ərazi Baş Gömrük İdarəsinin X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş 01400/3733 nömrəli, 04 noyabr 2022-ci il tarixli qərardan X8 tərəfindən verilmiş şikayət təmin edilsin. Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 04 noyabr 2022ci il tarixli, 01400/3733 nömrəli qərar ləğv edilsin. X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar