Məhkəmə qərarları › İş №3(027)-1253/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1253/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1253/2025 12.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Quba rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.2004-cü ildə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Quba rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN:№1702219-5451 inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi ilə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 protokolunu müdafiə edərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məlumat verərək bildirmişdir ki, Şəxs ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Şəxs əmlində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanının tərkib əlamətləri olduğundan qərarın surəti Şəxs məsuliyyətə cəlb edilməsi məqəsədi ilə Quba rayon PŞ-ə göndərilmişdir. Zərərçəkmiş şəxs Şəxs məhkəməyə təqdim etmiş olduğu xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun Şəxs qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə təqdim etmiş olduğu xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o zərərçəkmişə dəymiş ziyanı ödəmiş və şəxslə barışmış, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci tarixli “Tutma” haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il saat 14:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Şəxs məhkəmə iclas zalından dərhal azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar