Məhkəmə qərarları › İş №3(027)-1257/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1257/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1257/2025 07.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32496418 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32496418 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ-32496418 nömrəli qərarına əsasən o, 07 dekabr 2025-ci il tarixində saat 02:08-də idarə etdiyi Land Lover markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar –Şahdağ yolunda, Qusar şəhəri S.Salahov küçəsində yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat sürətində aşaraq barəsində Azərbaycan Respublikası İXM-nın 328.2-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə təyin edilmişdir. Şikayət verən şəxs bildirir ki, həmin qərarla razılaşmır, qərar qanunsuz və əsassızdır. Ona görə ki, o, 04 dekabr 2025-ci il tarixində Türkiyə Cumhuriyyətinə getmişdir, 08 dekabr 2025-ci il tarixində Türkiyə Cumhuriyyətindən Azərbaycana qayıtmışdır. Şikayətinə əlavə etdiyi elektron biletdən göründüyü kimi onun 04 dekabr 2025-ci il tarixində Heydər Əliyev airoportundan Türkiyəyə İstanbul şəhərinə Sabiha Gökçən airoportuna bileti vardır. Eyni zamanda həmin tarixlərdə Türkiyə Cumhuriyyətində olmağı ilə bağlı xarici pasportunda giriş-çıxış möhürləri var. O,xarici pasportunu məhkəməyə təqdim edəcəyini qeyd edir. Beləliklə barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli EQ-32490592 nömrəli qərar qanunsuzdur, həmin tarixdə o, nəinki Qusar şəhərində heç Azərbaycan Respublikasında olmamışdır. X5 qeyd edir ki, o, xarici ölkəyə gedəndə avtomobilinin açarlarını evdə qoyaraq, ustaların avtomobilinin olduğu yerdə baxmasına icazə verdiyini ailəsinə bildirmişdir. Bundan sonra tanıdığı avtomobilə qulluq göstərən ustalara 4 gün müddətində xarici ölkəyə getdiyi üçün həyətdə saxladığı yerdə avtomobilinə baxmalarını bildirmişdir. Bu səbəbdən də onun barəsində tərtib edilmiş həmin qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında şikayət verən X4 ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, Türkiyə Cumhuriyyətinə şəxsiyyət vəsiqəsi ilə getmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32496418 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz ) manat cərimə cəzası tətbiq edilmişdir. Elektron çıxarışa əsasən X5 04 dekabr 2025-ci il tarixdən 08 dekabr 2025-ci il tarixədək X1 əldə etmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 328.2-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə- əlli manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ziya Əhmədov həqiqətən də 04 dekabr 08 dekabr 2025-ci il tarixədək Türkiyə Cumhuriyyətində olmuşdur. Sözügedən şəxs 06 və 07 dekabr 2025-ci il tarixlərdə Türkiyə Cumhuriyətində kart vasitəsilə edilmiş ödənişlərlə bağlı qəbzləri də məhkəməyə təqdim etmişdir. Beləliklə də, 07 dekabr 2025-ci il tarixdə AR İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın şikayətçi tərəfindən törədilmədiyi məlum olmuşdur. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şikayətçinin nəqliyyat vasitəsini idarə etmək hüququna məhdudiyyət tətbiq edilməsi səbəbindən AR 328.2-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, işin faktiki hallarına tətbiq edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025ci il tarixli EQ 32496418 nömrəli qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin AR İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 32496418 nömrəli qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar