Məhkəmə qərarları › İş №3(027)-1269/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1269/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1269/2025 06.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB-nın xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokolu əsasında tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında onun barəsində tərtib edilmiş inzibati işin icraatına xitam verilməsini və protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə X3 idarə etdiyi 99-TŞ-017 qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri köhnə avtovağzalın yanındakı dairədən Bakı istiqamətində hərəkətdə olarkən heç bir qayda pozmadığı halda Quba RPŞ DYPB-nın əməkdaşları tərəfindən barəsində cərimə protokolu tərtib edilmişdir. Asanpay üzərindən protokola baxış edən zaman heç bir videogörüntünün və fotoşəkillərin olmadığını müəyyən etmişdir. Quba şəhəri köhnə avtovağzal dairəsində bütün istiqamətdə görüntü aparıla bilən müşahidə kameraları mövcuddur. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 şikayəti müdafiə edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə avtomobili ilə Quba şəhəri köhnə avtovağzalın yanındakı dairədən Bakı istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olmuş, dairəyə çatanda avtombilin surətini azaltmış və dairədə avtomobillərin olmamasından əmin olduqdan sonra onun sol tərəfində hərəkətdə olan avtomobillərlə birlikdə yoluna davam etmişdir. Köhnə avtovağzalı keçdikdən sonra Quba RPŞ DYPB-nın əməkdaşları tərəfindən saxlanılmış, ona dairəyə daxil olarkən avtomobillərə yol verməməsi ilə yol hərəkəti qaydalarını pozmasını bildirmişlər. Həmin vaxt o yolun sağ tərəfində istiqamətdə olmuş, onun solundan da onunla bərabər avtomobillər hərəkətdə olmuşdur. Həmin cərimə ona səhvə yol verilərək yazılmışdır. X1 barəsində tərtib olunmuş protokol və qərarı əsassız hesab edərək, şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Quba RPŞ DYPB-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən, X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB-nın xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməsi barədə şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB-nın xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Quba Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar