Məhkəmə qərarları › İş №3(027)-1287/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1287/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1287/2025 07.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, X3 qızının katibliyi, Şikayət verən X1 iştirakı ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32584104 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32584104 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun özünə məxsus "Mercedes benz E270 CDİ" minik markalı 99-FB955 dövlət qeydiyyat nişanlı avtomaşını vardır. xx.xx.2025-ci il tarixdə Qırmızı sloboda qəsəbəsi körpü istiqamətində hərəkətdə olarkən şəkildə göstərilən hissədə maşınında nasazlıq yaranmış, o,da nasazlığın düzəlməsinin uzun çəkəcəyini bildikdən sonra maşınında ailə üzvləri olduğuna görə oları başqa maşınla yola salmış və daha sonra nasazlığın aradan qaldırdıqdan sonra yoluma davam etmişdir. Daha sonra ona orda saxlamağı ilə əlaqədar 80 manat məbləğində cərimə olunmuşdur. Şikayət verən qeyd edir ki, həmin qərar təmamilə əsassızdır. Belə ki, o həmin zaman heç bir qayda pozuntusu etməmişdir. Tərtib olunmuş protokol ilə razı deyil, qanunsuz hesab edir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən lazımi qaydada araşdırma aparılmalı, təqsirsizliyi sübuta yetirilməli və xx.xx.2025-ci il tarixli, EQ 32584104 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Çünki barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olması şübhə altına alındığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32584104 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); Məhkəməyə təqdim edilmiş foto görüntülərdən müəyyən olunur ki, şikayətçiyə məxsus "Mercedes benz E270 CDİ" minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil həqiqətən yolun ortasında dayanmışdır, nəqliyyat vasitəsi işlək vəziyyədədir. Eyni zamanda şikayətçi ilə birlikdə digər bir şəxs də nəqliyyat vasitəsinnin yanında dayanmışlar. Qeyd edilən hallar şikayətçinin göstərdiyi əsaslarla üst-üstə düşür. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq qeyd edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 32584104 nömrəli qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 32584104 nömrəli qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar