Məhkəmə qərarları › İş №3(027)-130/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-130/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-130/2023 09.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin 19 dekabr 2022-ci ildə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolun və 20 yanvar 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Quba rayon DYP şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən 19 dekabr 2022-ci ildə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolun və Quba rayon X13 Şöbəsinin polis kapitanı X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, 16 dekabr 2022-ci il tarixində, saat 23:30 radələrində şəxsi işiylə əlaqədar Quba şəhərində, Heydər Əliyev prospektində, «Araz» marketin dayanacağında avtomobilinin yanında dayanıb. Bu zaman ona X13nin işçiləri yaxınlaşaraq, onun spirtli içki qəbul etdiyini bildiriblər. Polis əməkdaşlarına bildirib ki, o avtomobil idarə etmir, spirtli içki də qəbul etməyib. Siz sürücünü spirtli içki içməsi adı ilə, o, avtomobili idarə edərkən idarəetmədə gözlə görünən qeyri-adekvat hərəkətləri nəticəsində saxlaya bilərsiz. Onlar isə buna qulaq asmayaraq, onun avtomobilini cərimə meydançasına aparıblar. xx.xx.2022-ci il tarixində özü Quba rayon Mərkəzi Xəstəxanasına gedərək sərxoşluq müayinəsinin bütün növlərinin təyiniməqsədi ilə aparılan tibbi müayinədən keçib. Həkim Narkoloq tərəfindən müayinə olunub və №119 protokola əsasən sərxoş olmadığı müəyyən olunub. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iclasında X7 izahatında bildirmişdir ki, nəqliyyat vasitəsi onun əmisinə məxsusdur, o etibarnamə əsasında həmin avtomobili idarə edir. Quba RPŞ-dən göndərilən diskdə video görüntülər tam təfsilatı ilə qeydə alınmamış, görüntülər hissə-hissə silinmişdir. Həmin vaxt dəfələrlə həkim müayinəsinə aparılmasını və müəyyən rəy alınmasının, həmçinin şahidlərin iştirakının təmin olunmasını xahiş etsə də, tədbir görülməmişdir. Alkotesterlə yoxlanışdan imtina etmişdir. Təqdim olunan test kağızında adı qeyd olunsa da, nəticə ona aid deyildir. Ona görə də protokolun və qərarıləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, protokoldan şikayət qanunvericiliklə nəzərdə tutulmadığından, qərardan verilmiş şikayət qismən təmin edilməli və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar ləğv edilməklə inzibati xəta haqqında işə yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilməlidir. İş materiallarında olan 20 yanvar 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarına əlavə olunan Alcovisor AZ817 nəticələrinə görə alkoqolun miqdarının 0.711% olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunan X5 məhkəməyə təqdim etdiyi Quba rayon Mərkəzi Xəstəxanasının “sərxoşluq müayinəsinin bütün növlərinin təyini məqsədi ilə aprılan tibbi müayinə” barədə xx.xx.2022-ci il tarixli, 119 nömrəli protokola əsasən X5 ayıq olduğu, alkaqol qəbulu əlamətləri olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati materialla bağlı Quba RPŞ-dən göndərilən diskə baxış keçirildiyi zaman müəyyən olunuşdur ki, X2 müayinəsinin alkotester vasitəsilə aparılmasına etiraz edir. Habelə həmin görüntülərdə avtomobilin dayanacaqda park olunmuş vəziyyətdə olması müəyyən olunur. Təqdim olunmuş inzibati xəta haqqında qərarda şəxsin inzibati xətanı sərxoş halda törətdiyi qeyd edilmiş və qərara müvafiq nəticəni əks etdirən test nəticəsi əlavə edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Qeyd edilən Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Qeyd edilən Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. İş materiallarına X5 müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazı olan xüsusi texniki vasitələr vasitəsilə sərxoşluğunun müəyyən edilməsi nəticələrinə dair sübut əlavə edilməmiş, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd edilməmiş, texniki vasitədən istifadə edilməsindən imtina etdiyinə görə tibbi müayinəyə aparılmamış, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina Azərbaycan Respublikası İXM-nin 343-cü maddəsilə inzibati məsuliyyətə səbəb olduğundan, şəxsin hərəkətlərində bu kimi hal müvafiq inzibati məsuliyyətə cəlb edilmə mümkünlüyü yaradır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB tərəfindən barəsində tərtib olunmuş 20 yanvar 2023-cü il tarixli TP ******* nömrəli qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB -nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB tərəfindən barəsində tərtib olunmuş 20 yanvar 2023-cü il tarixli TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar