Məhkəmə qərarları › İş №3(027)-1300/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1300/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1300/2022 21.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X4 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinin səlahiyyətli nümayəndəsi X11 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Quba- Xaçmaz regional şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X3 Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə X6 şikayətini müdafiə edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etdi. X6 şikayətində göstərmişdi ki, Azərbaycan Respublikası Konistitusiyasının 1,7, 12, 13,24,25,26,29,57,60,71- ci maddələrinə əsasən Azərbaycan dövlətinin yeganə mənbəyi xalqdır, hüquqi dövlətdir, vətəndaşların hüquqlarını qorumağa təminat verir, hər kəsin mülkiyyət, hüquq və azadlıqları və müraciət etmək hüququ vardır, məhkəmədə hüquqların müdafiəsini təminat verir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinin bəzi əməkdaşları - Samir və digərinin adnı bilmədiyi (hərbi rütbələri Baş leytinani və kapitan idid) iki polis zabiti tərəfindən pozulmuş hüquqlarını müdafiə edə bilmir. Belə ki, 2022-ci ilin iyul ayı ərəfəsində Quba rayonu, Alekseyevka kəndində ailəsinə məxsus həyətdə tikdiyi sexdə çalışdığı zaman onu qeyri xidməti avtomobildə əyləşib polis formasında olan 2 nəfərin telefonla çəkdiyini görərərk onlara yaxınlaşıb. Özlərini Quba rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edən Samir və digər bir polis zabiti (adını bildirməmişdir) onun yanında qanunsuz olaraq az yaşlı işlətdiyini, bunu da telefon vasitəsilə çəkdiklərini və həmin çəkilişin silinməsi üçün müəyyən məbləğdə pul ödəməli olduğunu bildiriblər. Onlara həmin uşağın onun "Vətən Müharibəsi” Qazisi olduğu üçün və həvəskar olaraq öyrənmək üçün vaxt tapdıqca gəldiyini bildirib və onlara verəcək pulu olmadığını qeyd edib. Çünki, onlara Qazi olduğunu, bu işidə ehtiyaclarını qarşılamaq üçün etdiyini bildirib. Onlar heç bir söz demədən gediblər. Bir müddət sonra onun orda olmadığı zaman sexə gələrək orada olan Yarməmmədov Salahəddin adlı şəxsi danışdırıblar və onu hədələyərək aldadıblar ki, "narahat olma, sənə heçnə edən deyilik. Sən yaz ki, bəli mən bu sexdə qanunsuz olaraq işləyirəь” formasında izzahat versin. Sonra Quba RPŞ-nin əməkdaşları onu Şöbəyə dəvət ediblər. Orda da qazi olduğunu dilə gətirib. Polis əməkdaşı onun Qazi olduğunu bildikdən sonra ona "sənə kömək edərəm, amma gərək sən qanunsuz az yaşlı işlətdiyini etiraf edib izahat yazasan, (çünki, biz nömrəli Protokol yazmışıq, onu ləğv edə bilmərik. Amma sən izzahatı biz deyən şəkildə yazsan səni 100-150 azn cərimə edəcəklər. Onuda az-az ödəyərsən” deyərək onu aldadıblar. O, da onların dedikləri şəkildə izahatı yazıb imzalayıb. Bu hadisədən bir müddəi keçdikdən sonra onu DƏMX-nin Quba-Xaçmaz regional Şöbəsinə dəvət ediblər. Orda da bildirib ki, Polis əməkdaşları onları aldadaraq özləri istədikləri kimi izahat yazdırıblar. Lakin DƏMX-nin Quba-Xaçmaz regional Şöbəsinin rəisi Nəzərli Təngiz müəllim onları dinləsə də, heç bir köməklik edə bilməyəcəyini bildirib. Çünki, Quba RPŞ-nm əməkdaşları onların izahatlarını aldıqdan sonra barəsində İnzibati tədbir görülməsi üçün DƏMX-nin Quba-Xaçmaz regional Şöbəsinə məktubla müraciət etmişdir. DƏMX-nin Quba-Xaçmaz regional Şöbəsinin rəisi X9 bu işlə əlaqədar 16 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsini rəhbər tutaraq barəsində MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında" qərar qəbul edərək 3000.0 (üç min) manat məbləğində inzibati cərimə tətbiq etmişdir. 16 sentyabr 2022-ci il tarixli. MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarla razılaşmır. Çünki, Qərar qəbul edən qurum və ya onun səlahiyyətli nümayəndəsi onun çalışdığı iş yerinə gəlməmiş, adı qeyd olunan azyaşlını dindirməmiş və sadəcə Polisin verdiyi material (məktub) əsasında onu cərimələmişdir. Bu səbəbdən də DƏMXnin Quba-Xaçmaz regional Şöbəsinin rəisi X9 bu işlə əlaqədar 16 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-сi maddəsini rəhbər tutaraq barəsində MN № ******* saylı "İnzibati tənbeh vermə haqqında" qərar ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdi. Məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin nümayəndəsi, X14 bildirdi ki, Quba RPŞ-dən onlara X4 özünə məxsus sexdə qanunsuz olaraq az yaşlı işlətdiyi barədə məktub daxil olmuş, bu məsələ ilə əlaqədar yoxlama aparılaraq, həmin materiallar əsasında X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 manat cərimə cəzası tətbiq edilmişdir.Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozularaq tərtib edildiyindən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən edildi ki, X6 barəsində MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman X2 X5 məxsus avtomobil təmiri sexində hər hansı işlərin (xdmətlərin) yerinə yetirlməsi faktının olması tam araşdırılmamışdır. Bundan başqa müəyyən edildi ki, X1 Müharibəsinin qazisidir. İ-3451 Azərbaycan Respublikası Medalının Vəsiqəsinə əsasən Azərbaycan Respublikası Prezdentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalına, İ-17126 Azərbaycan Respublikası Medalının Vəsiqəsinə əsasən Azərbaycan Respublikası Prezdentinin 2021-ci il 24 iyun tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalına, İ-18913 Azərbaycan Respublikası Medalının Vəsiqəsinə əsasən Azərbaycan Respublikası Prezdentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalına, İ-18410 Azərbaycan Respublikası Medalının Vəsiqəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülmüşdür. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Quba- Xaçmaz regional şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar