Məhkəmə qərarları › İş №3(027)-1305/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1305/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1305/2025 07.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, X4 qızının katibliyi, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Quba RPŞ DYPİ-nin ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, **-FY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz markalı avtomaşını icarə müqaviləsi əsasında idarə edir. xx.xx.2025-ci ildə barəsində AR İXM-nin 327.2-ci maddəsinə əsasən İXP7646176 saylı qərar qəbul edilmiş, həmin qərara əsasən 100 (yüz) manat və 3 cərimə balı ilə cərimə edilmişdir. Şikayət verən qeyd edir ki,o, həmin tarixdə Quba rayonunun giriş hissəsində hərəkətdə olduğu zaman idarə etdiyi avtomaşında texniki nasazlıq səbəbindən avtomaşın yolun hərəkət istiqamətində sönmüşdür. Bildirir ki, avtomaşının hərəkətsiz olan hissəsində hərəkət məhdudiyyəti, nişanı olmamışdır. Həmin yolun sağ hissəsində taksi sürücüləri dayanmışdır. O, avtomaşını işə salıb irəliyə sürmüşdür. Bu zaman yol polisi ona yaxınlaşıb bildirmişdir ki, “50 manat ver yoxsa barənizdə protokol tərtib edərək sizi 100 manat cərimə və 3 cərimə balı yazacağam”. O, yol polisi əməkdaşına bildirmişdir ki, idarə etdiyi avtomaşın texniki nasazlıq səbəbindən sönmüşdür. Avtomaşını işə salıb irəli sürmüşdür. Heç bir inzibati xəta hadisəsi törətməmiş və əməlində inzibati xəta tərkibi yoxdur. Yol polis əməkdaşı onunla razılaşmamış, İXM-nin 327.2-ci maddəsinə əsasən protokol və qərar qəbul etmişdir. Şikayət verən X3 qeyd edir ki, qərar və protokol ona təqdim edilməmişdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP7646176 saylı qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-yə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- 100 (yüz) manat məbləğində cərimə edilir. Nizamlanan yolayrıcı-hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır. Hazırda məhkəməyə X3 tərəfindən AR İXM-in 327.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş, onun inzibati xəta hadisəsi törətməsi faktının müvafiq görüntülərlə müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri nəzərə alınmaqla, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-yə göndərilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar