Məhkəmə qərarları › İş №3(027)-1347/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1347/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1347/2025 06.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, X3 qızının katibliyi, Şikayət verən X1 iştirakı ilə, Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32795288 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 32795288 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 21 dekabr 2025-ci il tarixdə saat 19-24 radələrində idarə etdiyim özümə məxsus HYUNDAİ GRANDEUR MİNİK markalı ** SS *** dövlət nömrə nişanlı avtomaşınla Quba şəhərinin Heydər Əliyev prospekti ilə Qəçrəş kəndinə getmək məqsədilə hərəkətdə idi. Yolun sağında yerləşən HİPER MARKET adlanan ticarət mərkəzinin qarşısında avtomaşını yol hərəkəti qaydalarına tam uyğun olaraq yolun hərəkət hissəsinin sağ kənarında birinci cərgədə saxlamış, bir dəqiqəliyə aldığı kabelin çekini ticarət mərkəzindəki satıcıya verib çıxmışdır və hərəkətinə davam etmişdir. Avtomaşını saxladığı yerin sağ tərəfi isə avtomaşın dayanacağı idi və orada çoxlu avtomaşınlar saxlanılmışdı. Beş on dəqiqədən sonra mobil telefonuna SMS-xəbər gəldi ki, AR İXM-nin 346.4-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanı (yəni yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla,digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin ikinci və ya sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) törətməkdə təqsirləndirilərək BDYPİ vasitəsilə 80 manat məbləğində cərimə edilmişdir. Şikayət verən şəxs qeyd ki, yol ilə keçən DYP avtomaşını onun dayanmış vəziyyətdə olan avtomaşının fotoşəkillərini çəkib BDYPİnin Mərkəzi İnforrmasiya sisteminə ötürmüş və buna əsasən də əsassız olaraq cərimə olunmuşdur. Buna görə də Quba rayon PŞ DYPB-dən barəsində qəbul edilmiş qərarın surətini və çəkilmiş fotoşəkilləri götürüb məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Qeyd edir ki, həmin inzibati xətanı o törətməmişdir. X2 bildirir ki, çəkilən fotoşəkillərdən də açıq- aydın görünür ki, o, avtomaşınını yolun sağ tərəf hərəkət hissəsinin kənarında ikinci cərgədə deyil, birinci cərgədə saxlamışdır. Hətta avtomaşınının sağ tərəfindəki bütov ağ xətt və xəttin sağındakı avtomobil dayanacağı, dayanacaqdakı yola perpendikulyar vəziyyətdə duran avtomaşınlar görünür. Yolun kənarındakı bütöv ağ xətlə onun avtomaşının arasında başqa avtomaşın olsaydı, onda o avtomaşınıını saxlanıldığı yer ikinci cərgə sayılardı. Belə olan halda DYP əməkdaşının gəldiyi nəticə tam əsassız və qeyri- qanunidir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikasının DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32795288 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); İş materiallarında olan foto görüntülərdən müəyyən olunur ki, HYUNDAİ GRANDEUR MİNİK markalı ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi inzibati tənbeh barədə qərarda göstərildiyi kimi, ikinci və sonrakı cərgələrdə deyil, parklanma üçün nəzərdə tutulmuş dayanacaqdan sonra yolun hərəkət hissəsində birinci cərgədə dayanmışdır. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2– 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32795288 nömrəli inzibati tənbeh vermə haqqında qərarında inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmədiyindən dəyişdirilməli və X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32795288 nömrəli inzibati tənbeh vermə haqqında qərarı inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmədiyindən dəyişdirilsin və X1 əməli Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsinə tövsif olunaraq 20 (iyirmi) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar