Məhkəmə qərarları › İş №3(027)-1356/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1356/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1356/2025 07.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 və qərarından şikayət verilən şəxs X2 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan verilmiş şikayətə baxaraq məhkəmə, müəyyənetdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib edilmiş İXM-nin 327.2-ci maddəsi ilə çıxarılmış inzibati tənbeh qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və cərimə balı və cərimənin aradan qaldırılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, hadisə yolayrıcında Quba rayon köhnə avtovağzal dairəsində baş vermişdir. O, dairəyə yaxınlaşarkən dairənin daxilində heç bir nəqliyyat vasitəsi olmamışdır və bu səbəbdən hərəkətini davam etdirmişdir. Daha sonra dairənin görünməyən tərəfindən bir nəqliyyat vasitəsinin yaxınlaşdığını gördükdə dayanmış və ona yol vermişdir. Həmin nəqliyyat vasitəsi dairə daxilində 1-ci zolaqla hərəkət etdiyi halda, (dönmə işığını yandırmamış və ya tam aydın görünmürdü) dairədə hərəkətin davam etdirməyib anidən manevr edərək 2-ci zolaqdan çıxış etmişdir. Bu səbəbdən qarşı tərəfin dönmə niyyətini əvvəlcədən aydınlaşdırmaq mümkün olmamışdır. O, bu səbəbdən onun düz hərəkətini davam etdirəcəyini əsaslı olaraq ehtimal etmiş və yol hərəkətinə davam etmişdir. Sonradan həmin nəqliyyat vasitəsi dönmə işığı olmadan onun istiqamətinə dönməyə başlamışdır. Hadisə zamanı: təhlükəli vəziyyət yaranmamış, qarşı tərəf tormozlama etməmiş, yol-nəqliyyat hadisəsi baş verməmişdir. İXM 327.2-ci maddəsinin tərkibini yaradacaq hərəkətləri olmamışdır. Bundan əlavə, YPX protokoluna video görüntü əlavə edilməyib. Video sübutda real təhlükənin yaranması aydın şəkildə təsdiqlənməlidir. Əks halda inzibati məsuliyyət üçün sübut yetərli hesab edilə bilməz. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, barəsində əsassız olaraq AR İXM-nin 327.2-ci maddəsilə 100 manat cərimə inzibati tənbehinə cəlb olunmağı barədə qərar qəbul etdilər. Həmin qərarı əsasız hesab edir, şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Quba rayonu Yol Patrul Xidməti inspektoru polis baş serjantı X4 şikayəti əsassız hesab edərək, bildirmişdir ki, sürücü Qusar yolundan gəlmiş, orada yol ver nişanı yoxdur, sürücü Yol Hərəkəti qaydalarının 4.3-cü nişanının tələbini pozmuşdur. Bu hal videogörüntüdə də öz təsdiqini tapır. Məhkəmə tərəfləri dinləyib və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş video materiala məhkəmə iclasında baxış keçirilərkən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Quba şəhəri, köhnə avtovağzal dairəsində dairəvi yolda hərəkət edən nəqliyyat vasitələrini gözləmədən hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinə əsasən Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə iclasında təqdim edilmiş videodiskə baxış keçirilərkən məlum olmuşdur ki, X3 dairədə hərəkət edən nəqliyyat vasitəsinə yol vermədən hərəkətini davam etdirmişdir. Bu da onu göstərir ki, X3 qərarda göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar