Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-136/2023 18.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs ASC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1-26- 2-2022-19038 saylı məktubu ilə tələb edilən sənədləri (2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Quba rayon Məhkəməsinin 3(027)-136/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs ASC Quba rayon Məhkəməsinin 3(027)-136/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(027)-136/2023 nömrəli qərarın və ləğvetmə prosesində olan Şəxs ASC barəsində tətbiq edilmiş 1500 manat həcmində cərimənin ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-189/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair Quba Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 3(027)-136/2023 saylı qərarı ləğv edilmiş və işə başqa hakim tərəfindən, yenidən baxılması üçün material Quba Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Şəxs ASC-nin nümayəndəsi və vəkili Vəkil Vəliyulla oğlu məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nə ünvanlanan 9 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, 2021-ci ilin yekunu üzər keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdi edən sənədlərin təqdim dilməsi təklif edilmiş və bu barədə 7 gün ərzində Mərkəzi Banka məlumat verilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nə ünvanlanan 29 dekabr 2022-ci il tarixli 6-1-2-2022-19038 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 6-1.26-2-2022-17841 saylı 09 dekabr 2022-ci il tarixli göstərişi ilə tələb edilən edilən məlumatları 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi təklif olunmuşdur. Bununla da müəyyən edilir ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-19038 saylı saylı məktubu ilə tələb edilən sənədləri (cəmiyyətin nizamnaməsinin, səhmdarların reyestrinin, səhmdarların ümumi yığıncaqlarının protoklollarının surətini) göstərilmiş müddət ərizndə Mərkəzi Banka təqdim etməmişdir. İş materiallarında olan iddia ərizəsinin surətindən görünür ki, Şəxs ASC səhmlərinin dövriyyədən çıxarılması üçün qanunvericiliklə müəyyən olunmuş hərəkətləri həyata keçirməsi vəzifəsinin AR Mərkəzi Bankına həvalə edilməsini xahiş etmişdir. İş materiallarında olan digər iddia ərizəsinin surərtindən görünür ki, Şəxs ASC ləğvetmə faktının qeydə alınması ilə bağlı “ləğvetmə prosesinin” hüquqi şəxslərin dövlət reyestrində qeydinin bərpa edilməsi öhdəlinin 3 saylı Vergi Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkibi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ASC xx.xx.2022-ci il tarixdə, yəni törədilməsi istinad edilən inzibati xətadan əvvəl iddia ərizələri ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi işə baxarkən ASC-nin həqiqətən də ləğv prosesində olub-olmaması məsələsini araşdırmamış, vergi idarəsindən bununla bağlı hər-hansı sənəd əldə edilməmiş, ümumiyyətlə bu hala hüquqi qiymət verməmiş, eyni zamanda inzibati xəta haqqında protokol tərtib edən orqan da qeyd edilən hallarla əlaqədar məhkəməyə hər hansı yazılı sübut təqdim etməmişdir. Ləğvetmənin qeydiyyata alınması barədə prosedura dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 2 ayrı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və həmin məhkəmə işləri hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Göründüyü kimi, Azərbaycan Respublikası Mərkəzi Bankı ləğvetmə prosesində olan "X2” ASC- nin ləğv edildiyindən xəbərdardır və şirkətin ümumi yığıncağın iclaslarını keçirməməsi, yığıncağın qərarlarını və şirkətin fəaliyyətinə dair digər sənədləri təqdim etməməsi əsası ilə cəmiyyət barəsində inzibati xətaya dair protokol tərtib edə bilməz. Bundan başqa, inzibati xətaya dair protokol tərtib etmək üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1ci maddəsinə görə “inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. ” 02 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13 yanvar 2023-cü il tarixindən etibarən “üç" sözü “dörd" sözü ilə əvəz olunmuşdur. Göründüyü kimi, sözügedən inzibati xəta barədə iş üzrə hər iki müddət ötmüşdür. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ləğvetmə prosesində olan “X2" ASC-nin 2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlərin təqdim edilməməsinə dair şirkət barəsində inzibati tənbeh 2 il sonra tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-136/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-136/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver