Məhkəmə qərarları › İş №3(027)-1422/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1422/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1422/2023 01.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseyn-zadə Ümid Vasif oğlunun iştirakı ilə, 13 avqust 1994-cü il ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Hüseyn-zadə Ümid Vasif oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Hüseyn-zadə Ümid Vasif oğlunda xx.xx.2023-cü il tarixdə saat 17:00-da bioloji müayinəsi nəticəsində narkotik maddə olan morfin aşkar olunmuşdur. İlkin məhkəmə iclasında protokol tərtib etmiş Quba RPŞ İTB-nin sahə rəisi X1 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00-da keçirilən yoxlama zamanı X3 narkotik maddə olan morfi qəbul etməsi aşkar edilmişdir. Bununla əlaqədar narkotik vasitə qəbul edib-edilməməsinin müəyyənləşdirilməsindən ötrü bioloji nümunələr götürülmüş və nəticədə bioloji nümunələrin tədqiqi zamanı, X2 narkotik vasitə sayılan morfin istifadə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Hüseyn-zadə Ümid Vasif oğlu özünü təqsirli bilməyərək, izahatında bildirmişdi ki, o "xxxx" MMC-də xəritəçəkmə operatoru vəzifəsində işləyir. Şirkətin tapşırığı ilə ərazidə dron uçuşları edir. xx.xx.2023-cü il tarixində axşam saatlarında “Gənclər parkı”nda dron uçurdarkən polis əməkdaşları ona yaxınlaşıb, ondan sənəd tələb ediblər, o isə üzərində heç bir rəsmi sənədini olmadığını dedikdə, onu PŞ-nə aparıblar. Ondan tibbi müayinə üçün analiz nümunələri götürülüb və narkotik maddə qəbul etdiyi aşkar olunub. Qeyd etdi ki, o 20 yanvar 2023-cü il tarixində yol nəqliyyat hadisəsi baş verməsi nəticəsində xəsarətləri ilə əlaqədar əməliyyat olunmuş, narkoz və müxtəlif psixotrop maddələr qəbul qəbul etmişdir. Əməliyyat olunan zaman ona narkotik tərkibli iynələr vurulub. Onun nəticəsində onun qanında narkotik tərkibli maddənin izləri aşkar olunub. Başqa hər hansı narkotik maddə qəbul etməmişdir. İlkin məhkəmə iclasında müdafiəçi X10 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən X3 tibbi müayinəsi zamanı narkotik maddə sayılan morfi istehlak etdiyi qeyd edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli, 85 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan göründüyü kimi, X3 narkotik test müayinəsi nəticəsində (+mor) morfi istifadəsi aşkar olunmuşdur. Narkotik maddə qəbulu nəticəsində yüngül dərəcə sərxoşluq müəyyən edilmiş və məcburi müalicəyə ehtiyacı olmadığı qeyd edilmişdir. İş materialında olan Tərtər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarınnı surətindən göründüyü kimi, X7 yol-nəqliyyat hadisəsi ilə bağlı zərər çəkmiş şəxs kimi müəyyən edilmişdir. Məhkəmə, iş üzrə bütün halların məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarından göründüyü kimi, X6 isnad edilən əməlin törədilməsilə bağlı yalnız “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” sübut kimi əlavə edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 avqust 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası”nın 4-cü bəndinə əsasən əgər yaranmış vəziyyətlə əlaqədar (müayinə olunan şəxsin vəziyyətinin ağırlığı, müayinədən imtina edərək müqavimət göstərməsi və sairə) müayinənin tam həcmdə aparılması mümkün deyildirsə, tibbi müayinə protokolunda bu səbəb qeyd edilir və ikidən az olmayaraq bioloji mayelərin (qan, tüpürcək, sidik hava və s.) ikiqat miqdarının müayinəsi aparılır. Müayinə olunan şəxsdən götürülən bioloji mühit nümunələrinin mühafizəsini təmin etmək məqsədi ilə metodik göstərişlərin tələblərinə və digər zəruri şərtlərə riayət etməklə, həmin nümunələr 30 gündən az olmayaraq müayinə aparılan müəssisədə saxlanılmalıdır. Bioloji mayelərin müayinəsi ciddi olaraq xüsusi təlimat və metodika üzrə aparılır və müayinənin gedişi protokollaşdırılır. Bioloji mayelərin müayinəsinin və kliniki müayinənin nəticələri cəmləşdirilərək ümumi rəy verilir. Həmin Qaydanın 5-ci bəndinə əsasən protokolun surəti müayinə aparılan tibb müəssisəsində qalır və stasionar xəstənin tibbi kartları üçün müəyyən edilmiş qaydada mühafizə olunur. Bənd 6: Təxirəsalınmaz hallarda sərxoşluq olması haqqında rəy stasionar xəstənin kartında xəstənin statusu və laborator müayinələrin nəticələri barədə məlumatlar əsasında verilir. Göründüyü kimi, hər bir halda Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinə nəticəsi müvafiq rəylə təsdiq olunmalıdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə araşdırması zamanı tədqiq olunmuş AR Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2023-cü il tarixli narkoloji tibbi yoxlama rəyindən göründüyü kimi, X4 Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta tərkib olmadığından Hüseyn-zadə Ümid Vasif oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar