Məhkəmə qərarları › İş №3(027)-1451/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1451/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1451/2023 14.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib etmiş Quba rayon Polis şöbəsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Quba rayonu, Timiryazev qəsəbəsi ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında 14 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs 14 iyun 2023-cü il tarixdə, saat 09:00 radələrində Quba RPŞ-nin inzibati binasında olduğu zaman ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. İnzibati xəta haqqında 14 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs 14 iyun 2023-cü il tarixdə, saat 09:00 radələrində Quba RPŞ-nin inzibati binasında olduğu zaman ucadan səs-küy salaraq mübahisə etmiş və polisin qanuni tələbini qəsdən pozmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02:10 radələrində işlətdiyi Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Berqamun” kafesinin icarədarı Şəxs yüksək səslə şənlik keçirdiyi üçün yaxınlıqda yaşayan sakinlərin DİN-in “102” xidmətinə və Quba RPŞ-nə ünvanladıqları müraciətlərə əsasən RPŞ-nə dəvət olunmuşdur. Şöbənin inzibati binasında inzibati tədbir görülən zaman, əsassız yerə ucadan səs-küy salaraq şöbətə “hər şeyi edə bilərsən, ama baxarsan çöldə biz sənlə görüşəcəyik” deyərək onunla mübahisə etmişdir. Onu bir neçə dəfə nizam-intizama dəvət etsə də, o öz aqressiv hərəkətlərini davam etdirərək onun qanuni tələblərinə tabe olmamışdır. Bu hal təxminən 15-20 dəqiqəyə yaxın davam etmişdir. Ona inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o “Berqamun” kafesində icarə əsasında fəaliyyət göstərir. Ətrafdakı sakinlər kafedə musiqi səsinin akustikasından narahat olduqları üçün ondan DİN “102” xidmətinə narazılıqlarını bildirmişlər. Polis əməkdaşları onu şöbəyə dəvət etmiş və bir nüçə saat qaldığı üçün əsəbləşib bir qədər onlarla mübahsə edərək narazılığını bildirmişdir. Həmin vaxt yalnız iradını bildirmiş və polisin qanuni tələblərinə tabe olmuşdu. Adətən gecə saat 23:30 radələrində kafedə musiqinin səsini ümumiyyətlə dayandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilsə də, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmir Belə ki, o fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə tövsif olunmuşdur. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirliliyi sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, hazırki əməli yalnız ictimai qaydanı pozan hərəkətlər kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən səmimi peşmançılığı, himayəsində azyaşlı uşaqlarının olması və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 510-cu maddəsilə ilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 14 iyun 2023-cü il tarixli protokoldan göründüyü kimi, Şəxs 14 iyun 2023-cü il, saat 09:00-da tutulmuşdur. AR İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclası zalından azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar