Məhkəmə qərarları › İş №3(027)-1457/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1457/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1457/2023 03.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14789662 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN Quba RPŞ DYPBnin İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14789662 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 31 may 2023-cü il tarixində Quba şəhərində hərəkət etmiş və bir müddət sonra ona cərimə yazılması barədə “sms bildiriş” gəlmişdir. Bunu araşdıran zaman ona məlum olmuşdur ki, guya o Quba şəhəri ərazisində hərəkət edən zaman yol nişanının tələblərinə riayət etməmişdir. Halbuki o şəhərdə avtomobilini idarə edən zaman yolda xəttin nişanları olmamışdır. Qeyd edir ki, neçə illərdir ki, sürücülük hüququ var və yollarda daim diqqətli olmağa çalışmışdır. Törətmədiyi inzibati xətaya görə ona protokol tərtib edilməsi və sübutların ona təqdim edilməməsinə görə mənəvi sarsıntı keçirtmişdir. Törətmədiyi inzibati xətaya görə cərimə olunmağı ədalətsizlikdir. Göründüyü kimi, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14789662 nömrəli inzibati xəta haqqında protokol və həmin tarixli və nömrəli qərar əsassızdır. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat vermiş və xx.xx.2023-cü il tarixli, EQ 14789662 seriyalı elektron qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14789662 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət qismən təmin olunmalı və inzibati iş yenidən araşdırılması üçün Quba RPŞ-nə göndərilməlidir. İş materiallarında olan inzibati xəta haqqında elektron qərarı surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən, yol nişanlarının tələblərinə riayət etmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında elektron qərara əlavə edilmiş foto görüntülərin surətlərindən göründüyü kimi, “İnfiniti” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil Quba şəhəri, H.Əliyev prospektində hərəkətdə olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanunun 66-cı maddəsinin 1-ci bəndinə əsasən məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər. İnzibati xəta haqqında elektron qərara əlavə edilmiş foto görüntülərdə ayqı-ayrılıqda “5.8.1” (zolaqlarda hərəkət istiqamətləri məlumatverici nişanı) və həmin nişanın təsir dairəsini əks etdirən zolaq əks olunsa da, “İnfiniti” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin zolaqla hərəkətdə olan görüntüsü əlavə edilmiş və həmin avtomobillə məlumatverici nişanın tələbinə riayət etməməsində ifadə olunan görüntü əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Qeyd edilən Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, EQ 14789662 saylı inzibati material məhkəməyə təqdim olunmadığından və iş materiallarında olan foto görüntülərdən “İnfiniti” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin məlumatverici nişanın tələbinə riayət etməməsində ifadə olunan sübut əlavə olunmadığından, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı şübhələr X1 xeyrinə həll edilməli olduğundan və X2 tərəfindən qeyd edilən qərarla törədilmiş inzibati xətanın olub-olmamasını, habelə təqsirlilik dərəcəsinin müəyyən edilməsi hazırki icraat zazanı mümkün olmadığından, barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasəb hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14789662 saylı qərarı ləğv edilsin və və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar