Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-149/2024 13.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib etmiş Quba rayon Polis şöbəsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, orta təhsilli, subay, çay evini işlədən, ünvan 1 ünvanında qeydiyyatda olan və Quba şəhəri, C. Cabbarlı küçəsi, ev 84 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, Quba şəhəri, “Köhnə Avtovağzal” ərazisində çay evində polisin xidməti fəaliyyətini pozaraq polisin qanuni tələblərinə məhəl qoymamışdır. Protokol tərtib etmiş Quba rayon Polis şöbəsinin polis sahə rəisi X5 məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları xidmətdə olduqları zaman fəaliyyətinin yoxlanılması ilə bağlı çay evinə daxil olmuş, çay evini işlədən Şəxs xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşının işinə maneçilik törədərkən, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və barəsində müvafiq tədbir görülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o bir-neçə müddətdir ki, çay evində icarə əsasında fəaliyyət göstərir, polis əməkdaşları bir-neçə dəfə çay evinə daxil olaraq orada işləyən xanım işçilərin Quba qeydiyyatı olub-olmadıqlarını yoxlamış və onlarla çalışan Quba qeydiyyatı olan xanım işçilərdən biri Günəş xanımı polis şöbəsinə getməli olduğunu bildirmişlər. Bir həftə əvvəl Günəş xanım polis tərəfindən şöbəyə dəvət edilmiş, ona 31 manat cərimə edilmişdir. Günəş xanım polis şöbəsində olduğunu və uzun vaxt orada saxlanıldığı üçün getmək istəmədiyini bildirdikdə, polis əməkdaşı mütləq qaydada onun şöbəyə getməli olduğunu bildirmşdir. O da polisə xanımın getmək istəmədiyini izah etməyə çalışmış və öz xoşu ilə polis əməkdaşları ilə birlikdə xidməti maşına əyləşərək polis şöbəsinə getmişdir. O polisə heç bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid Quba RPŞ-nin əməkdaşı X6 ifadəsində bildirmişdir ki, xx.xx.2024cü il tarixdə xidmətdə olduqları zaman müxtəlif obyektlərdə qeydiyyatsız işləyən xanım işçilərlə bağlı reyd keçirmişlər. O cümlədən Quba şəhəri, “Köhnə Avtovağzal” ərazisində çay evində olduqları vaxt, Şəxs orada çalışan xanım işçinin şəxsiyyət vəsiqəsini müəyyən etməyə imkan verməmiş, onların işinə maneçilik yaradaraq, fəaliyyətlərini pozmuşdur. Dəfələrlə onu nizamintizama dəvət etsələr də, qanuni tələblərinə tabe olmamışdır. Sonra T. Cəfərov Polis şöbəsinə dəvət edilmişdir. Məhkəmə iclasında şahid Quba RPŞ-nin əməkdaşı X3 şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, çay evində Turalla birlikdə şərikə icarə əsasında fəaliyyət göstərirlər. Polis əmkdaşları Qubada yerləşən bu tipli obyektlərdə çalışan xanım işçilərin qeydiyyat ünvanlarının olub-olmaması barədə reyd keçirmişlər. O cümlədən onların çalışdığı çay evinə də gələrək, çalışan Günəş xanımın şöbəyə getməli olduğunu bildirdikdə, Günəş xanım buna etiraz edərək, bir neçə gün əvvəl aparıldığını və hazırda getməyəcəyini bildirmiş, bu zaman ortada münaqişə olmasın deyə, Tural polisə Günəş xanımın bir həftə əvvəl şöbədə olduğunu və ona 31 manat cərimə yazıldığını, buna baxmayaraq onun Quba qeydiyyatı olduğunu bildirmişdir. Polisə başqa heç bir müqavimət göstərilməmiş, Şəxs könüllü olaraq polisin xidməti maşını ilə şöbəyə getmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, o Şabranda doğulsa da, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatdadır. Evdə xəstə anası və bir oğlu var, evi o dolandırır. Bir həftə əvvəl polis əməkdaşları onu PŞ-nə apararaq dindirmiş və 31 manat ona cərimə yazılmışdır. Halbuki, şöbədə kompyüterdə yoxlanan zaman onun qeydiyyat ünvanı Quba olduğu məlum olmuşdur. Buna baxmayaraq reyd vaxtı yenidən PŞ-nə getməli oldunu bildirəndə, o da təkidlə getməyəcəyini bildirmiş, bu zaman Tural söhbətə müdaxilə edərək, onun getmək istəmədiyini izah etməyə çalışmışdır. Onlara heç bir tabesizlik göstərməmişdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, o ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin tələblərinə qəsdən tabe olmayan hərəkətlərlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsilə müəyyən olunmuş hal həmin Məcələnin 33.3-cü maddəsinin tələbi nəzərə alınmaqla ağırlaşdıran hal kimi müəyyən edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini tənbehin məqsədləri baxımından məqsədəmüvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 12 fevral 2024-cü il tarixli protokoldan göründüyü kimi, Şəxs 12 fevral 2024-cü il, saat 22:50-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 140 (yüz qırx) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-149/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-149/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver