Məhkəmə qərarları › İş №3(027)-151/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-151/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-151/2024 04.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən şəxs X9, Maraqlarına toxunan şəxs X7, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X8 nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X15 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi : X15 inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında həmin işin icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 rayonu Qonaqkənd qəsəbə sakini X7 heyvanları yəni qoyun quzusunun çobanıdır. Onun qoyun quzularını idarə edir. Onun iribuynuzlu heyvanları yəni mal qarası yoxdur. 25 avqust 2023-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onları dairəyə çağıraraq guya həmin ərazidə mal qara otarmağını bildirmişlər. Onların mal-qarası yoxdur, xırda buynuzlu heyvanlardır. Onlara dəfələrlə bildiriblər ki, gəlin yerə baxış keçirin sonra müzakirə edək. Bu barədə ərizə də yazıb, lakin onlar yerə baxış keçirmədən, mal-qara olmaya-olmaya, həmçinin mal-qaranın ümumiyyətlə sahibi başqası olduğu halda ona 25 avqust 2023-cü il tarixli MN № ******* saylı prtokol tərtib edərək 400 manat cərimə etmişlər. Onun bu qərardan ümumiyyətlə məlumatı olmamışdır. İcra Şöbəsində bundan məlumat almış və həmin qərarı xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Qərar tamamilə əsassız və qanunsuzdur. Yerin yiyəsi olan X13 bu məsələdən boyun qaçırmır. Məhkəməyə çağırılarsa, gəlib izahat verməyə hazırdır. İnzibati iş üzrə maraqlarına toxunan şəxs X13 məhkəmə iclasında həmin torpaq sahəsinin istifadəslə bağlı icarə müqaviləsinin olduğunu, bildirmişdir. Həmçinin izahatında bildirmişdir ki, Arif Babayev fərdi qaydada çoban kimi çalışır, əvəzində ona məvacib ödəyir. 18 ildir o bu işlə məşğuldur, təxminən 400 baş xırdabuynuzlu heyvanı vardır. Heyvanlar otarılan ərazilər örüş sahələridir, 2005-ci ildən onda icarədə olmuş, icarə müqaviləsi olmasa da, oranı saxlayır, otunu biçir və sonra da heyvanları otlamağa həmin əraziyə buraxır. Həm də heyvanlar həmin ərazidən axan çaydan su içir. Bütün bunlara baxmayaraq heyvanların sahibi olduğu təqdirdə meşə təsərrüfatının əməkdaşları bu barədə ona heç bir məlumat verməmişlər. Əsassız olaraq fərdi qaydada çoban işləyən birinə barəsində inzibati protokol tərtib edərək, ona 400 manat cərimə yazılmışdır. Qeyd olunanlara əsasən həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X15 şikayət ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, meşə ərazisində olduğu iddia edilən heyvanlardan 15-20 baş heyvan ona məxsusdur, qalan heyvanlar Rəhmanov Habilə məxsus heyvanlardır. Bu qərarın onunla bir əlaqəsi olmadığı təqdirdə cərimə ona yazılmışdır və qərardan onu icra şöbəsinə çağırılan zaman xəbər tutub. Qərarda malqara yazılıb, lakin onlarda iribuynuzlu heyvan yoxdur, hamısı xırdabuynuzlu heyvanlardır. Həmin ərazilər örüş sahələrinə aid ərazilər olduğuna görə, o heyvanları örüş sahəsində otarmışdır. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 izahatında bildirmişdir ki, meşə gözətçisi dəfələrlə Arif Babayevə heyvanları meşə tingləri əkilən ərazidə otarmamasını, heyvanları həmin ərazidən çıxarılmasını tələb etmişdir. Buna baxmayaraq xəbərdarlıqa əhəmiyyət verilməmiş, təsərrüfatın əməkdaşları yerində baxış keçirərək akt tərtib etmişlər. Akt tərtib edilməsində iki nəfər, Qonaqkənd meşəbəyliyinin şöbə müdiri X11 və meşə gözətçisi X14 iştirak etmiş, akt və əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmişdir. Həmçinin mal-qaranın meşə tingləri əkilən ərazidə olmasını aşkar edən və heyvanları həmin ərazidən çıxarılmasını tələb edən əməkdaşların şahidliyini, həmçinin yerində çəkilmiş görüntülərin də mobil telefonla qeydiyyatı aparıldığını bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X8 nümayəndəsi X5 izahatında bildirmişdir ki, Arif Babayevin heyvanları otardığı ərazilər Meşə təsərrüfatının balansında olan ərazilərdir və şikayətçiyə, habelə maraqlarına toxunan şəxsə dəfələrlə bu barədə xəbərdarlıq edilsə də, əhəmiyyət vermədən heyvanları otarmağa davam etmişlər. Nəticədə meşə fonduna 2800 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, 10 ildir Qonaqkənd meşəbəyliyinin şöbə müdiri işləyir və meşə təsərrüfatına aid əkin sahələrində 3 ha aqro bağ salınmış, qalanı toxum səpilən əkin sahələrdir. Arifə dəfələrlə xəbərdarlıq olunub ki, heyvanları həmin ərazilərə salmasın. Arif isə bu xəbərdarlıqlara əhəmiyyət verməmiş, növbəti gün meşə gözətçisi əraziyə baxış keçirdikdə, heyvanların yenə otarıldığını və təsərrüfata xeyli ziyan dəydiyini aşkar edərək şöbəyə məlumat vermişdir. Növbəti gün əraziyə baxış keçirən zaman Arif Babayevin meşəbəyliyin 2 saylı dolayısının 23-cü kvartalında 2 ha əkilmiş qoz bağında qoyun sürüsünün otardığını yenidən aşkar etmiş və tədbir görülməsi üçün yerində akt tərtib etmişlər. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, o Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayısının meşə gözətçisidir. 05 avqust 2023-cü il tarixində ərazidə baxış keçirərkən, Arif Babayevin meşə təsərrüfatına aid ərazidə 600-650 baş qoyun sürüsünün otardığını aşkar etmiş və sürünün ərazidən çıxarılmasını tələb etmişdir. Arif ona sürünü çıxarmayacağını dediyi üçün bu barədə şöbə müdiri Habil Qasımova məlumat vermişdir. Növbəti gün, yəni 06 avqust 2023-cü il tarixdə Habil Qasımovla yenidən əraziyə baxış keçirən zaman Arif Babayevin meşəbəyliyin 2 saylı dolayısının 23-cü kvartalında 2 ha əkilmiş qoz bağında qoyun sürüsünün otardığını aşkar etmiş, bu zaman Arif onları görüb sürünü ordan çıxarıb qaçmaq istəyərkən, o H.Qasımovla əkin sahəsində və qoz bağı sahəsində onun foto və videogörüntülərini telefonla çəkilişini aparmışdır. Məhkəmə, şikayət verən şəxsi, maraqlarına toxunan şəxsi, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X15 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayısının ərazisində özbaşına mal-qara otarmış və Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətdiyinə görə 400 (dörd yüz) manat cərimə edilmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi A.Xudaverdiyev tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, Qonaqkənd meşəbəyliyinin 2 saylı dolayısının meşə gözətçisi X4 Babayevin özbaşına olaraq meşəbəyliyin 2 saylı dolayısının ərazisində heyvan otarması barədə məlumat vemiş və növbəti gün Habil Qasımovla yenidən əraziyə baxış keçirən zaman Arif Babayevin meşəbəyliyin 2 saylı dolayısının 23-cü kvartalında 2 ha əkilmiş qoz bağında qoyun sürüsünün otardığını görüb, bu barədə akt tərtib etmişdilər. Arif Babayev aktı imzalamaqdan imtina etmişdir. X22 Təsərrüfatı mərkəzi tərəfindən tərtib edilmiş həcm-qiymət cədvəlindən görünür ki, əsasən meşələrin bərpası üçün nəzərdə tutulan sahələrdə meşə əkimlərinin, yeniyetmələrin və cücərtilərin məhv edilməsi və cücərdilməsi nəticəsində Meşə Fonduna 2800 manat ziyan dəymişdir. A.Babayev barəsində Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* seiyalı protokol tərtib edilmişdir. İnzibati iş üzrə maraqlarına toxunan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 01 mart 2024-cü il tarixli arayışdan görünür ki, 06 iyun 2005-ci il tarixində Qonaqkənd bələdiyyəsi tərəfindən Xaşı kəndi ərazisindən 120, 0 ha torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə X10 icarəyə verildiyi, müqavilə müddəti bitdikdən sonra həmin torpaqdan mövsümi müqavilə əsasında istifadə etdiyi,istifadəyə görə bələdiyyənin hesabına 400 manat məbləğində istifadə haqqı ödənildiyi qeyd olunmuşdur. Təqdim olunmuş video görüntüdən göründüyü kimi, X15 xırda buynuzlu mal-qaranın mühafizə olunan ərazidən çıxarılmasına dair iradı qəbul etməklə həmin heyvanların ərazidən çıxarılmasını təmin edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsinə əsasən meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə - fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, maraqlarına toxunan şəxs X7 ərazidə yalnız onun heyvanlarının olması və bu əsəsla yalnız onun barəsində qərar qəbul ounması ilə bağlı dəlili əsaslı sayıla bilməz, belə ki, X15 məhkəmə iclasında həmin görüntüdəki xırdabuynuzlu mal-qaranın içərisində ona məxsus heyvanların da olduğunu etiraf etmişdir. Qərarın ləğvi heyvanların həmin ərazidən axar çaydan qısa müddətə su içmələri ilə bağlı dəlili də əsaslı sayıla bilməz, belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq) və torpaq sahəsindən mal-qaranı keçirmək torpaq sahəsi üzərində servitut olaraq müəyyən edilmişdir ki, servitutun mövcudluğuna dair hər hansı sübut şikayətçi tərəfindən təqdim olunmamışdır. Qeyd olunanalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X15 tərəfindən verilmiş şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X15 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar