Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-153/2024 14.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Aşağı-Veysəlli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Qaçqınlar şəhərciyində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 535.1-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində Quba rayonu, Atuc kənd ərazisində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də Quba RPŞ-nin İTB-nin sahə rəisi, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 13 fevral 2024-cü il tarixli, MN 1663854-1220 №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə protokol tərtib etmiş şəxs X1 bildirdi ki, protokolu Quba RPŞ-nin NMQnun baş əməliyyat müvəkkilinin raportu əsasında tərtib edib. Quba RPŞ-nin NMQ-nun əməkdaşalrı tərəfindən əməliyyat-axtarış tədbirləri zamanı polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ərazidən nəqliyyat vasitəsi ilə qaçaraq uzaqlaşmışdır. Ona görə də, DYP-nin köməkliyi ilə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində tanışı Elşən Quliyev ona taksi ilə Qubaya gedib-gələcəyini və onun da getməyini xahiş etdi. O Elşənlə razılaşaraq onun təklifini qəbul etmişdir. Yolda gələrkən Elşəndən Qubaya nə üçün getdiyini soruşduqda, sənəd götürəcəyini bildirmişdir. Qubaya çatdıqda Elşənin telefonuna Quba rayonunda hara gedəcəkləri barədə məlumat gəlmişdir. Onlar həmin əraziyə çatdıqda Elşən taksidən düşərək ora getmiş və sonra onuda çağırmışdır. O taksidən düşəndə Elşəndən sənədi kimdən götürəcəklərini soruşduqda Elşən sənəd yox narkotik vasitə götürəcəyini bildirmişdir. Həmin vaxtı Elşən ondan biraz irəlidə olmuşdur. Bu zaman mülki geyimdə iki nəfər Elşəni saxladıqda o da həyəcanlanıb qaçmağa başlamışdır. Onun dalınca gələn mülki geyimli şəxs polis olduğunu bildirərək dayanmağını tələb etsədə, qorxduğundan dayanmayaraq gəldikləri taksiyə tərəf qaçıb həmin taksiyə əyləşərək sürməyi tələb etmişdir. Həmin ərazidən uzaqlaşıb gedəndə DYP əməkdaşları tərəfində saxlanılaraq Quba RPŞ-nə gətirilmişdir. Günahsız olduğunu bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Vüsal Quliyev ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat-axtarış tədbirləri zamanı Quba rayonu, Atuc kənd ərazisində şübhəli şəxslərin saxlanılması üçün həmin şəxslərə yaxınlaşdıqda, onların yanında olan adını sonradan bildiyi Nurlan ərazidən qaçmağa başlamışdır. Dərhal onun dalınca qaçaraq polis olduğunu dəfələrlə deməsinə baxmayaraq Nurlan ona tabe olmamışdır. Nurlan gəldikləri taksiyə minərək həmin ərazidən uzaqlaşmışdır. DYP-nin əməkdaşlarının köməkliyi ilə Nurlan və taksi sürücüsü saxlanılaraq, Quba RPŞ-yə gətirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmin inzibati həbsin başlanğıcı 13 fevral 2024-cü il tarixdən, saat 20:55-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsilə təqsirli bilinərək barəsində 9 (doqquz) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 13 fevral 2024-cü il tarixdən, saat 20:55-dən hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-153/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-153/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver