Məhkəmə qərarları › İş №3(027)-161/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-161/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-161/2022 21.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X1 iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X3 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 19 fevral 2022-ci il tarixdə Xaçmaz rayon mərkəzi xəstəxanasında narkoloji testdən keçirildikdə narkotik vasitədən istifadə etməsi aşkar olunmuşdur. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində 19 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, narkotik vasitədən 20-25 gün əvvəl dostları ilə birlikdə məhəllədə olarkən istifadə etmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X7 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan 19 fevral 2022-ci il tarixli 31 nömrəli aktdan görünür ki, Şəxs narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar