Məhkəmə qərarları › İş №3(027)-162/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-162/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-162/2023 22.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü və 333.1-ci maddələrilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:55 radələrində “VAZ 21074 minik” markalı, **-KU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə saxlanılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsini alkoqol sərxoşluq vəziyyətində idarə etdiyi məlum olmuşdur. Buna görə də Quba RPŞ-nin X4 Bölməsi tərəfindən Şəxs barəsində İXM-nin 342.2.4-cü və 333.1-ci maddələri ilə İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 06 avqust 2022-ci il tarixdə sərxoş vəziyyətdə olmadığını, həmin tarixdə o, Quba Rayon Mərkəzi Xəstəxanasında sərxoşluq vəziyyətinin bütün növlərinin təyinatı məqsədi ilə aparılan tibbi müayinədən keçirildiyini və həmin xəstəxanadan verilən 06 avqust 2022-ci il tarixli, 75 nömrəli protokoldan da göründüyü kimi ayıq olduğunu bildirmişdir. Şikayətinə əlavə etdiyi protokoldan da göründüyü kimi tibbi müayinədə sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Qaydaların tələbindən də göründüyü kimi mübahisə olduqda şəxs tibbi müayinəyə göndərilir və bu baxımdan tibbi müayinənin sənədi mötəbər sübutdur. xx.xx.2022-ci il tarixli aktda onun yüngül sərxoş olduğunu və alkoqolun 2,1 promil təşkil etdiyini bildirilir. Qeyd edilən aktı mötəbər sübut hesab etmir və həmin aktda qeyd edilən 2,1 promil sərxoşluq vəziyyəti ona aid deyildir. Belə ki, qanunvericiliyin tələbinə əsasən ilk öncə qeyd edilən aktın mötəbərliyi üçün onun sərxoşluq vəziyyəti xüsusi texniki vasitə ilə ölçülərkən orada hal şahidləri iştirak etməli idi. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan da göründüyü kimi protokol tərtib edilərkən hal şahidləri iştirak etməmişdir , iştirakları halında onlara hüquq və vəzifələrinin izah edilməsi barədə protokolda qeydlər olardı. Eyni zamanda inzibati xəta haqqında protokolda istifadə edilən xüsusi texniki vasitənin tipi, markası, modeli, son dəfə dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi və.s protokolda qeyd edilməli idi. Barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolda yuxarıda sadaladığı heç bir məlumat öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana məlumat verilsə də, Quba rayon Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü və 333.1-ci maddələri ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuş və inzibati xəta haqqında icraat materialları yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilmir. Belə ki, Şəxs sərxoş vəziyyətdə olmasını müəyyən etmək üçün o, həkim müayinəsindən keçirilməmiş, iş materiallarına əlavə edilmiş sərxoşluğun müəyyən edilməsinin təsdiqi kimi alkotester yoxlamasının nəticəsi barədə sənədin kserosurətinin oxunması mümkün deyil. Şəxs sərxoş vəziyyətdə olmasını təsdiq edən hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Halbuki hər hansı bir şəxsin məsuliyyətinin müəyyən edilməsindən ötrü ilk öncə onun təqsirli hərəkəti ilə ictimai münasibətləri pozması zəruri şərtdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin Həmin qərarın İİİ hissəsinə yəni Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması qaydalarının 3.3-cü bəndinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. İnzibati materialdan görünür ki, Şəxs ümumiyyətlə tibbi müayinəyə göndərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəməsi hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü və 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işə 333.1-ci maddə ilə bağlı hissədə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin gəldiyi nəticəyə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd edir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Konstitusiya Məhkəməsi daha sonra həmin qərarında qeyd edir ki, xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir. Qanunverici həmin Məcəllənin 43.3-cü maddəsində müəyyən etmişdir ki, Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 44-cü maddəsinə əsasən Bu Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına əsasən AR İXM-nin 342.2.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxılması Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü və 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata 333.1-ci maddə ilə bağlı hissədə xitam verilməli və icraat materialı Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddə ilə bağlı hissədə baxılması üçün AR Daxili İşlər Nazirliyi Quba rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 333.1, 43, 114-115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü və 333.1-ci maddələrilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 333.1-ci maddə ilə bağlı hissədə xitam verilsin. İnzibati xəta haqqında icraat Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddə ilə bağlı hissədə baxılması üçün səlahiyyəti olan AR Daxili İşlər Nazirliyi Quba rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar