Məhkəmə qərarları › İş №3(027)-164/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-164/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-164/2025 10.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə «Quba Rayon Mərkəzi Xəstəxanası» X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsindən «Quba Rayon Mərkəzi Xəstəxanası» X5 barəsində tərtib edilmiş MN ******* nömrəli, 21 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən 21 fevral 2025-ci il tarixdə «Quba Rayon Mərkəzi Xəstəxanası» X4 Quba rayonu, Vəl-vələ kəndində yerləşən Tibb məntəqəsinin inzibati binasında keçirilən planlı YTM-nə zamanı YTQ-nun 4.46.1 və 10.4-cü bəndlərinin tələbləri pozulması aşkar olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, bartəsində protokol tərtib edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinin və «Quba Rayon Mərkəzi Xəstəxanası» X5 nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 61.3-cü maddəsinə əsasən işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 03 fevral 2025ci il tarixli, 262 nömrəli qərarından göründüyü kimi, «Quba Rayon Mərkəzi Xəstəxanası» X5 şirkətində plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 18 fevral 2025-ci il tarixli KY252280260 nömrəli çıxarışdan görünür ki, «Quba Rayon Mərkəzi Xəstəxanası» X5-də xx.xx.2025-xx.xx.2025-ci il tarixədək yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılacağı müəyyən edilmişdir. İş materiallarında olan 21 fevral 2025-ci il tarixli, 262 nömrəli Yanğın texniki müayinə aktından göründüyü kimi, «Quba Rayon Mərkəzi Xəstəxanası» X1 müayinə aparılarkən aşkar olunmuşdur ki, bina ilkin yanğın söndürmə vasitələri ilə təmin olunmamış, binanın daxili elektrik naqillərin sazlığı barədə mütəxəssis aktı tərtib edilməmiş, binanın taxta konstruksiyaları oda davamlı məhlulla hoöturulmamış, binada mövcud olan ilkin yanğın söndürmə balonlarının kimyəvi tərkibi dəyişdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, «Quba Rayon Mərkəzi Xəstəxanası» X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-nin 518.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Habelə, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, «Quba Rayon Mərkəzi Xəstəxanası» X5 inzibati məsuliyyətinə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541-544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM-nin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İXM-nin 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «Quba Rayon Mərkəzi Xəstəxanası» X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin şərti olaraq tətbiqi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «Quba Rayon Mərkəzi Xəstəxanası» X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən «Quba Rayon Mərkəzi Xəstəxanası» X4 törətdiyi hüquqpozmanın (YTQ-nun 4.46.1 və 10.4-cü) aradan qaldırması üçün bir ay müddət müəyyən edilməklə cərimə şərti olaraq tətbiq edilsin. Nəzərdə tutulan müddətdə qeyd edilən hüquqpozmalar aradan qaldırılarsa, inzibati cərimə ödənilməsin. Həmin müddətdə yuxarıda qeyd olunmuş hüquqpozmalar aradan qaldırılmaqla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinə və məhkəməyə məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar