Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-165/2023 13.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Mehrəliqışlaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Quba RPŞ-nin növbətçi hissəsində üzərində olan əşyaları təqdim etməklə iki ədəd gümüşü siqaret və ağ kağız bükümlərində ümumi çəkisi 0,335 qram olan narkotik vasitə marixuanaya oxşar yaşıl rəngli spesifik iyə malik kütlə aşkar edilmişdir. Fakt üzrə Quba RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN 1679083-583 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, üstündə olan narkotik vasitəni təqdim etmişdir. Hərdən narkotik vasitədən istifadə edir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İş materialında olan məhkəmə-ekspertiza Mərkəzinin 12 fevral 2023-cü il tarixli, 7/213 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə kütlələr” yazı və imza olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,120 qr və 0,125 qram olmaqla, ümumi çəkisi 0,335 qram bitki mənşəli kütlələr çətənə (kannbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarında olan 12 fevral 2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs üzərindən götürülmüş 0,335 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Quba RPŞ-nin Təminat hissəsinə təhvil verilmişdir. Məhkəmə protokol tərtib edən şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmin inzibati həbsin başlanğıcı 12 fevral 2023-cü il tarixdən, saat 23:45-dən hesablanmalıdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 12 fevral 2023-cü il tarixdə, saat 23:45-də Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis mayoru X2 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsin əvvəli 12 fevral 2023-cü il tarixdən, saat 23:45-dən hesablansın. İş üzrə maddi sübut olan Şəxs üzərindən aşkar edilərək götürülmüş, Quba rayon Polis şöbəsinə Təminat hissəsinə təhvil verilmiş ümumi çəkisi 0,335 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-165/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-165/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver