Məhkəmə qərarları › İş №3(027)-166/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-166/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-166/2023 13.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1948-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, pensiyaçı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: MN ******* nömrəli, 13 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədinə əsasən Orucəliyeva (Şixəliyeva) Zəvatə Yarəli qızının adına olan Quba şəhəri Fətəlixan küçəsi 2a saylı evin 34-cü mənzilinə istifadə hüququ tanınmalı, o həmin mənzilə köçürülməli və pasport qeydiyyatına alınmalıdır. Tələbin icrası barədə borclulara rəsmi məlumat verilmiş, lakin, borclular icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə tələbi təmin etmək məqsədi ilə icra tədbiri keçirilmişdir. Keçirilmiş icra tədbirində iş üzrə borclu Şəxs sözü gedən 2a saylı evin 34-cü mənzilinə tələbkar Orucəliyeva (Şixəliyeva) Zəvatə Yarəli qızının köçüb yaşamasına maneəçilik törətmişdir. Bu səbəbdən təyin olunmuş icra tədbiri baş tutmamış və bu barədə müvafiq akt tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, Zəvatənin evə köçürülməsinə etiraz etmir, lakin hal-hazırda onun digər övladından olan 3 nəvəsi onlarla yaşayır. Ev cəmi 3 otaqdan ibarətdir və 3 otaqda 6 nəfər yaşayırlar, ona görə də boş otaqları yoxdur. Vaxtilə oğlu ilə yola getmədiyindən oğlu çıxıb getmişdir. Buna baxmayaraq gəlinini evdən qovan olmamış və öz xoşu ilə çıxıb getmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən ona iki ay vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, həmin məzilə o daha əvvəl gəlin köçmüş və sonra istifadə hüququ məhkəmə qətnaməsi əsasında tanınmışdır. 2010-cu ildə bu barədə qətnamə qəbul edilsə də, müəyyən vaxtlarda aralarında razılıq olduğundan, o icra sənədinin icrasına təkid etməmişdir. Keçən ilin avqust ayından bu günə kimi hazırki icra sənədi cavabdehlər tərəfindən icra olunmur və mənzilə köçməsinə maneçilik yaradırlar. Hal-hazırda Bakı şəhərində atasının evində yaşayır. Övladları böyüdüklərindən, birlikdə köçüb istifadə hüququ tanındığı evdə yaşamaq istəyir. İcra sənədinin icra olunmasını və həmin mənzilə köçürülməsini tələb edir. Məhkəmə protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-18/2010 saylı icra sənədinə əsasən Orucəliyeva (Şixəliyeva) Zəvatə Yarəli qızının Quba şəhəri Fətəlixan küçəsi 2a saylı evin 34-cü mənzilinə istifadə hüququ tanınması, həmin mənzilə köçürülməsi və pasport qeydiyyatına alınması qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci tarixli 190065/22 saylı bildirişdən görünür ki, tələbin könüllü icrası barədə Şəxs və digərlərinə tələbin 10 gün müddətində icra olunması barədə bildiriş göndərilmiş, əks təqdirdə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqları barədə məlumatlandırılmışlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 236/2023 saylı qətnaməsindən göründüyü kimi, iddiaçı Şəxs cavabdeh Orucəliyeva (Şixəliyeva) Zəvatə Yarəli qızına qarşı məhkəmə tərəfindən tanınmış mənzilinə istifadə hüququnun xitam verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə və dəfələrlə icra sənədinin icra edilməsinin tələb edilməsinə baxmayaraq, icra sənədi icra edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunması və ahıl olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddələrinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın inzibati xətanın xarakterini və onun şəxsiyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar