Məhkəmə qərarları › İş №3(027)-1681/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1681/2023

15.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1681/2023 15.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib etmiş Quba rayon Polis şöbəsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “Təngə dərəsi” restoranında adminstrator işləyən, Quba şəhəri, 32-33-cü məhəllə ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında 14 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən 14 iyul 2023-cü il tarixdə, saat 15:00 radələrində Quba rayonu, “Təngə dərəsi” restoranının qarşısında və Quba RPŞ-nin inzibati binasında polisin ünvanına nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında 14 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən 14 iyul 2023-cü il tarixdə, saat 15:00 radələrində Quba RPŞ-nin inzibati binasında araşdırma zamanı Şəxs ucadan polisin ünvanına nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə yerinə yetirməmişdir və inzibati binada qaydanı pozmuşdur. Protokol tərtib etmiş Quba rayon Polis şöbəsinin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, raport və digər sənədlər əsasında Şəxs barəsində müvafiq protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, qiyabi olaraq tanıdığı polis əməliyat müvəkkili X6 ona zəng edərək idarə etdiyi avtomobili dövlət qeydiyyat nişanı olmadan sürdüyü üçün irad bildirmiş və müvafiq araşdırma üçün yerləşdiyi yeri öyrənməklə adminstrator işlədiyi “Təngə dərəsi” restoranının qarşısına gəlmişdir. Digər əməkdaşlarla birlikdə onu Quba RPŞ-ə dəvət emiş və o müəyyən narazılıq ifadə edərək edərək tabe olmuş və birlikdə öz avtomobili ilə Quba RPŞ-ə aparılmışdır. Həmin vaxt ictimai qaydanı pozmamış və tabesizlik göstərməmişdir.Avtomobilinin qeydiyyat nışanını isə Bakı şəhərindən gələrkən yolda düşməsindən ehtiyat edərək açdığını və işlədyi yerə çatarkən bağladığını bildirmişdir. Əlavə edərək restoranın girişində quraşdırılmış kamera görüntüsündə də baş verənlərin əks olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid Quba RPŞ-nin CAB əməliyyat müvəvvili X6 ifadəsində bildirmişdir ki, qiyabi olaraq “Təngə dərəsi” restoranının adminstratoru kimi tanıdığı Şəxs idarə etdiyi avtomobili dövlət qeydiyyat nişanı olmadan sürdüyü gördükdə zəng edərək ona irad bildirmiş və müvafiq araşdırma üçün yerləşdiyi yeri öyrənməklə “Təngə dərəsi” restoranının qarşısına gəlmişdir. Digər əməkdaşlarla birlikdə onu Quba RPŞ-ə dəvət emiş və o həmin vaxt narazılıq ifadə etmiş, nalayiq ifadələr işlətmiş və tabesizlik göstərmişdir. Sonra tabe olmuş və birlikdə öz avtomobili ilə Quba RPŞ-ə aparılmışdır. Məhkəmə iclasında şahid Quba RPŞ-nin CAB əməliyyat müvəvvilləri X4 və X7 şahid X6 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, o cümlədən hadisənin görüntüsünü əks etdirən CD-ləri, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, o fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, habelə ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin tələblərinə qəsdən tabe olmamışdır və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd edilən Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, qeyd edilən maddənin tələbi nəzərə alınmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinlə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə ilə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbini və xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan göründyü kimi, Şəxs 14 iyul 2023-cü il, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 14 iyul 2023-cü il, saat 15:00-dan hesablanmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta 14 iyul 2023-cü il, saat 15:00-da baş verməklə Şəxs protokol tərtib etmək üçün Quba RPŞ-ə gətirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 14 iyul 2023-cü il, saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə 6 (altı) manat dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar