Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1684/2023 24.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba RPŞ DYP bölməsinin 12 iyul 2023-cü il tarixli TP ******* nömrəli qərarını əsassız olduğuna görə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 iyul 2023-cü il tarixdə saat 15:45 radələrində Xaçmaz şəhərindən Quba şəhəri istiqamətinə özünə məxsus idarə etdiyi "BOGDAN 211040" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən "Qartal" abidəsini 100 metr keçdikdən sonra arxasınca Yol Patrul Xidməti maşını saxlama işarəsi vermişdir. O da, maşını dayandırmışdır. Avtomaşında olan iki YPX inspektorundan biri ona yaxınlaşıb bildirmişdir ki, guya o, ötmə qaydalarını pozmuşdur. Halbuki o, hərəkətdə olarkən qarşısında gedən heç yol hərəkəti iştirakçısı olmamış və onu ötməmişdir. Belə bir iştirakçı da qarşısında hərəkətdə olmamışdır. Bu barədə polis əməkdaşına izahat verməyinə baxmayaraq, həmin əməkdaş buna əhəmiyyət verməmiş və barəsində inzibati protokol tərtib etmişdir. Təxminən 10 km hərəkətini davam etdirdikdən sonra mobil telefonuna xəbərnamə gəlmişdir ki, AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətdiyinə görə 60 manat cərimə edilmiş və "inzibati xəta" 3 balla qiymətləndirilmişdir. Onun barəsində tərtib edilmiş inzibati protokol və qəbul edilmiş qərar tam əsasssızdır. Ona görə həmin qərar və protokol ləğv edilməlidir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Quba RPŞ-nin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarından X3 tərəfindən verilmiş şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 idarə etdiyi “Bogdan 211040-82” Minik markalı ** BU *** Dövlət qeydiyyat nişanlı minik avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. İnzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı - inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba RPŞ-nin əməkdaşı tərəfindən X3 barəsində xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərar qəbul edilmişdir. Həmin qərarın tərtib edilməsinə səbəb olan sübutlar protokolu tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, hər hansı şəxsin inzibati xəta törətməsi müəyyən olunarsa, ilk öncə həmin şəxs barəsində inzibati xətanın törətməsi ilə əlaqədar protokol tərtib olunur. Lakin, qeyd olunan inzibati xəta barəsində X3 bu barədə məlumatlandırılsa da, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Bundan başqa, Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarı Azərbaycan Respublikasının İXM-nin 122.3-cü maddəsinin tələblərinə əsasən tərtib edilməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında elektron qərara inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarından X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Quba RPŞ-nə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba RPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1684/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1684/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver