Məhkəmə qərarları › İş №3(027)-1687/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1687/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1687/2023 03.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, xx.xx.2002-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Tüləkəran İƏD üzrə Yenikənd kəndində qeydiyyatda olan, həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Daxil olmuş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 17 may 2023-cü il tarixdə, saat 15:04-də “Opel Astra” minik markalı **-ZR-*** dövlət nömrə nişanlı avtomobillə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Mega Store” marketin qarşısında yolun kənarında dayanmış piyada X2 avtomobilin arxa hissəsi ilə vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-nin Quba rayon Polis Şöbəsinə və Şəxs lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 02 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Quba RPŞ-nin DYPB-nə göndərilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.8-ci maddələrilə inzibati xəta haqqında protokol tərtib edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Quba rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Qeyd edilən araşdırma zamanı Şəxs verdiyi izahatından göründüyü kimi, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində “Mega Store” adlı marketin qarşısında taksi kimi dayanmış, bir qadınla bir kişinin avtomobilin sağ tərəfində dayandığını gördükdə, həmin şəxslərə taksi lazım olmasını düşünmüşdür. Sonra həmin şəxslər avtomobilinin yanından keçərək yola tərəf getmişlər. Bir qədər sonra o, avtomobilin mühərrikini işə salaraq geri hərəkət etdirən zaman avtomobil kiməsə dəymiş, dərhal düşərək həmin şəxsə yaxınlaşdıqda görmüşdür ki, avtomobilin arxa tərəfi piyadanın yan tərəfinə dəymiş və həmin şəxs də sol dizi üstə yerə yıxılmışdır. O, zərərçəkənə xəstəxanaya aparmağı təklif etsə də, həmin şəxs imtina etmiş və bildirmişdir ki, ehtiyac yoxdur. O da bu barədə polisə məlumat verməmişdir. Hadisə zamanı idarə etdiyi avtomobili sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələrilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun təqsiri inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir, əməli düzgün olaraq İXM-nin 327.8-ci maddəsilə ilə tövsif edilmişdir və ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən və bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. , “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi, Şəxs Vətən müharibəsi iştirakçısı olmaqla “Müharibə veteranı” kimi 80 manat pensiya alır. Qeyd edilən hal və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininə 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən haların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq, inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8, 114- 115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar