Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1737/2023 03.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15354186 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15354186 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-BR-*** dövlət nömrə nişanlı “UAZ 452D YÜK” markalı nəqliyyat vasitəsinin istifadəçisidir. Həmin nəqliyyat vasitəsi istismara yararsız olduğundan 2019-cu ildən hal-hazıradək istifadə olunmur. Avtomaşını təmir etmək üçün neçə ildir ki, özünə məxsus təmir sexində saxlamışdır. 28 iyun 2023-cü il tarixində DYP əməkdaşları ona məxsus nəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi əsası ilə AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsi əsası ilə barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Hesab edir ki, onun barəsində çıxarılmış həmin qərar əsassız və qanunsuzdur, bu qərar ilə razılaşmır. Bildirir ki, onun tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Bu qərar barəsində qərəzli formada yazılmışdır. Barəsində tətbiq edilən İXM-nin 339.1-1-ci maddəsində qeyd olunur ki, müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə inzibati məsuliyyətə səbəb olur. İstifadəyə yayarsız olduğundan neçə ildir ki, bu avtomobili idarə etmir. Avtomobilin üzərində ümumiyyətlə mühərrik yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin Quba rayon Polis Şöbəsinə və şikayət verən X2 lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə, şikayət verən şəxsin və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15354186 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 50 manat cərimə edilmişdir. İş materiallarında olan AD 013479 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BR-*** dövlət nömrə nişanlı “UAZ 452D YÜK” markalı nəqliyyat vasitəsi Quba şəhəri, 29-cu məhəllə ünvanında qeydiyyatda olan X1 mülkiyyətindədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. X3 şikayətini nəqliyyat vasitəsinin istismara yararsız olmaqla istifadə olunmaması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsindən əmlakın tam məhv olmaqla nəticədə onun qeydiyyatının hər cür hüquqi mənasını itirərməsinə dair müraciətin təsdiqlənməsi həyata keçirilməmişdir şikayət təmin oluna bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15354186 nömrəli inzibati qərar hüquqi və faktiki əsaslar olmaqla, habelə qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tənzimləməyə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15354186 nömrəli inzibati qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-1737/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1737/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver