Məhkəmə qərarları › İş №3(027)-174/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-174/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-174/2025 14.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X1 xx.xx.2025-ci il tarixli EQ 26085685 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, EQ ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə saat 12:25 radələrində Quba şəhəri, Heydər Əliyev prospekti ərazisində “LF 6430-X60” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə hərəkətdə olan zaman avtomobildə yaranmış nasazlıq səbəbindən avtomobil həmin ərazidə hərəkətsiz dayanmışdır. Ona görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin qanuni tələblərini pozduğuma görə EQ 26085685 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə 80 manat məbləğində cərimə edilmişdir. “LF 6430-X60” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobili bilərəkdən ikinci cərgədə saxlamamışdır. Avtomobil nasaz olduğuna görə hərəkətsiz olmuş və ona görə qanun tələbi pozulmuş hesab edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində tərtib edilmiş həmin qərar əsassız və qanunsuzdur, bu qərar ilə razılaşmır. Onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, bu qərar heç bir əsas və sübut olmadan çıxarılmışdır. Hansı ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Beləliklə barəsində tərtib edilmiş yuxarıda göstərilən inzibati xəta haqqında qərar qanunun tələbləri pozulmaqla, qərəzli formada tərtib edilmişdir. Şikayət vermiş X2 Məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 26085685 saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib, 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. “Yol hərəkəti haqqında” AR Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən nəqliyyat vasitələrinin dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanması qadağandır. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə–səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, DİN-nin BDYPİ-nin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, X1 idarə etdiyi avtomobil Quba şəhəri, H.Əliyev prospektində yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmamışdır. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 26085685 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyindən şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 26085685 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar