Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-182/2021 03.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, xx.xx.1989-cu ildə Dəvəçi şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 12:05 radələrində Quba rayonunun Vəlvələ kəndi ərazisində idarə etdiyi “Kamaz” yük markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla yükdaşıma fəaliyyəti həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. Bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional Şöbəsi tərəfindən İnzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional Şöbəsinə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Şəxs və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 22 yanvar 2021-ci il tarixli avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında aktdan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 12:05 radələrində Quba rayonu, Vəlvələ kəndi ərazisində yükdaşıma fəaliyyəti zamanı qanuni tələbləri pozaraq sənədlərini təqdim etməyərək, tabesizlik göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 xx.xx.2021-ci il tarixli 297-338-1221 saylı məktubundan görünür ki, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın vasitəsi X1 adına qeydiyyata alınmışdır. İnzibati xəta haqqında işə baxaraq, iş üzrə sübut əhəmiyyətinə malik olan hallara qiymət verərək hesab edirəm ki, əməldə qeyd olunan inzibati xətaların tərkibi olmadığından onun icraatına xitam verilməlidir. Belə ki, 22 yanvar 2021-ci il tarixdə Şəxs yükdaşıma fəaliyyəti zamanı qanuni tələbləri pozaraq tələb olunan sənədləri təqdim etmədiyi halda onun şəxsiyyətinin necə müəyyən edilməsi şübhə altına düşür. Həmçinin Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2021-ci il tarixli 297-338-1221 saylı məktubundan görünür ki, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın X2 məxsusdur. Şəxs yuxarıda göstərilən tarixdə həmin avtomaşını hansı hüquqi əsasla idarə etməsi və həqiqətən onun tərəfindən idarə etməsi barədə heç bir sübutedici sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materialları ilə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin tələbini pozması sübut olunmur. Şəxs inzibati xətanı törətməsində təqsirli olmasını sübut etmə vəzifəsi inzibati xəta haqqında iş üzrə qərar çıxarılan vəzifəli şəxsin və ya orqanın üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0.1-75.0.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə müvafiq olaraq inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətmiş şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı və inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspert rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-182/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-182/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver