Məhkəmə qərarları › İş №3(027)-185/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-185/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-185/2024 21.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba rayonu, Talabıqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Quba RPŞ-nin İTB-nın polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib olunmuş MN seriyalı 1663746-2285 №li nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Quba rayon Talabıqışlaq kəndində evdə atası Zərərçəkmiş şəxs yaxasından tutub iki dəfə sinəsinə vurmaqla qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli billməyərək, izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, onun ailəsi ilə yola getmir. xx.xx.2024-cü il tarixdə o atasını vurmamışdır. Hazırki inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun oğludur. Seyran və onun arvadı Ədalətlə münasibətləri normal deyil. Belə ki, birgə evdə yaşamaqları mümkün deyil, oğlu ailəsi ilə birgə bir müddət başqa evə köçmüşlər, yanvar ayında isə gəlmişlər. Bütün kommunal yığılan xərcləri ödəmirlər onu incidirlər. 03 yanvar 2024-cü il tarixdə gəlini Ədalət söyüş söyərək evi süpürmüş, o, da ona evindən çıxıb getmələrini bildirmişdir. 1 saat keçdikdən sonra oğlu Seyran gələrək onunla mübahisə etmiş, yaxasından tutub sinəsindən yumruqla vurmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxslə barışmamış, onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Oğlu və ailəsinin evindən çıxmalarını tələb edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 10 №-li rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər – boynunda solda sıyrıq, sol körpücükaltı sahədə qançır küt -əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən, vaxta, yəni 03 yanvar 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan Quba RPŞ-nin TB-nın təhqiqatçısı, Sənan Həsənovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 10 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs gəlini X1 və oğlu Şəxs tərəfindən təhqir edilməsi ilə bağlı müraciəti cinayət xarakterli deyil, xüsusi ittiham xaraktrerli olduğundan Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs gəlini X2 və oğlu Şəxs tərəfindən təhqir olunması ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh tətbiq edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İlk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin ata–oğlu olmasını, həbslə əlaqədar qərar qəbul olunarsa ailə münasibətlərinin gələcəkdə daha da pisləşməsini və ədalət prinsipini nəzərə alaraq, hesab edirəm ki, Şəxs 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114- 115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar