Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1883/2023 29.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən X2 nümayəndəsi qismində vəkili Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Elokologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Reginal Elokologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* № li qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X5 şikayət ərizəsilə müraciət edərək, Azərbaycan Respublikası Elokologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Reginal Elokologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* № li inzibati tənbeh vermə haqqında 3000 (üç min) manat məbləğində cərimə olunması barədə qərarın ləğv edilməsini ahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı ilə 3000 manat məbləğində cərimə olunmuşdur, ona görə ki, güya o, özünə məxsus qum-çınqıl karxanasında çayın təkindən xammal çıxararaq, qumçınqıl istehsalı ilə məşğuldur. Qeyd edir ki, haqqında çıxarılmış qərar qanunsuz və qərəzlidir. Belə ki, o sahibkarlıq fəaliyyəti ilə tam qanuni əsaslarla məşğuldur və Dövlətin vaxtaşırı bütün vergilərini ödəyir. 2022-ci ilin sonlarında çayın təkindən xammal çıxararaq, karxananın anbarına daşıyıb yığaraq, yaz və yay aylarında istehsal etmək istəyib. Həmin vaxt, ekskavator ilə çayın təkindən xammal götürərkən 11 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 X1 əməkdaşları tərəfindən haqqında qərar çıxarılmaqla 2500 manat cərimə olunmuşdur. Çayın təkindən çıxardığı xammala görə o, Dövlətə vurduğu ziyan ilə əlaqədar 5512.50 manat ziyanı tam ödəmişdir. Həmin vaxt daşıdığı xammala görə həm cəriməni və həmdə ki, vurulmuş ziyanı ödədiyinə görə anbara yığdığı xammal ona məxsusdur və onu tam qanuni əsaslarla istehsal edərək, vergiləri ödəməklə satır. O, çınqıl istehsalı ilə məşğul olduğu vaxt Quba rayon Polis Şöbəsinin əməkdaşları onlara heç bir aidiyyəti olmayan sahəyə müdaxilə edərək, onun haqqında güya o yerin təkindən xammal götürdüyülə bağlı ekologiya idarəsinə məlumat verəcəylərini bildiriblər. Bundan sonra Ekologiya İdarəsinin əməkdaşları onu 3000 manat cərimə etdilər. O, nə polis əməkdaşlarına və nədə ki, Ekologiya idarəsinin əməkdaşlarına izah edə bilməyib ki, istehsal etdiyi xammal ona məxsusdur, o bu xammala görə cərimə və ziyanı tam ödəyib. Nə polis orqanı və nədə ki, Ekologiya İdarəsinin əməkdaşları əllərində heç bir sübut (fotoşəkillər, ekskavatorun çayın təkindən xammal götürərkən foto və videogörüntüləri, akt və hal şahidləri) və sənəd təqdim etmədən öz statistik göstəricilərini yüksəltmək məqsədilə haqqında ədalətsiz qərar qəbul etmişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin25 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə razı deyil və bütün iradlarını idarənin əməkdaşlarına bildirsə də, onlar məktubun polis şöbəsi tərərfındən gəldiyindən çıxış yolunu ancaq onu cərimə etməkdə gördüklərini bildiriblər. Hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 İyul 2023-cü İl tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı məhkəmə qərarı əsasında əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən X2 nümayəndəsi qimində vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizə təqdim edərək qərarın ləğv edilməsilə yanaşı inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqan olan AR ETSN 5 saylı RETSİ-nə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahatında bildirmişdir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hər hansı əlavə araşdırma aparılmamış və Quba rayon Polis Şöbəsi tərəfindən təqdim edilən sübutlar və inzibati xəta haqqında protokola əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Belə ki, sözügedən xammalın qazılaraq çıxarılması vaxtı ilə bağlı idarə tərəfindən əlavə araşdırma aparılmamış, xammalın 2022-ci ildə törədilən inzibati xəta ilə bağlı olması və ya yenidən qazılaraq çıxarılmasının ekspert rəyi ilə müəyyən edilib-edilməyəciyini deyə bilmir. Polis əməkdaşları tərəfindən həmin inzibati xəta üzrə inzibati protokol tərtib olunub göndərildiyi üçün inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmə, şikayət verən şəxsin nümayəndəsi qismində vəkilinin izahatını və qərarından şiakyət verilən orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 25 İyul 2023-cü İl tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyi X9 Ehtiyyatlarından istifadə Agentliyinin 11 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında da göründüyü kimi X9 X4 tərəfindən 03 noyabr 2022-ci il tarixində Quba rayonu “Qaraçay” qum-çınqıl yatağında qanunsuz olaraq faydalı qazıntı hasilatı aparılması aşkar edilmişdir. Aparılmış araşdırma zamanı adıçəkilən faydalı qazıntı yatağından X5 tərəfindən 3 ayrı sahədə olmaqla ümumilikdə 1575 m3 həcmində qanunsuz qum-çınqıl hasilatı aparıldığı müəyyən edilmişdir. Aşkar edilmiş faktla bağlı 03 noyabr 2022-ci il tarixli 000072 nömrəli akt yazılmış və X5 barəsində 03 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. X5 barəsində 11 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində təsbit olunmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. Daha sonra faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində 5512.5 manat məbləğində maddi ziyan müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, X5 tərəfindən 2500 manat məbləğində cərimə və 5512.5 manat məbləğində maddi ziyan dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan inzibati xəta ilə 03 noyabr 2022-ci il tarixdə X9 X4 tərəfindən aşkar edilmiş xətanın əlaqəsinin olub-olmaması, fotoşəkillərdə görünən xammalın 03 noyabr 2022-ci il tarixdə, yaxud başqa vaxt yerin təkindən çıxarılıb-çıxarılmadığı, çuxurların 03 noyabr 2022-ci il tarixdə və yaxud başqa vaxt qazılması araşdırılmadığından, müvafiq ekspertiza təyin edilmədiyindən və X9 X1 iştirakı təmin edilmədiyindən və beləliklə də, qeyd olunan xüsusatların tam və obyektiv surətdə araşdırılmaqla təmin edilməsi qərardan verilən hazırki şikayət icraatı çərçivəsində mümkün olmadığından, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin olunmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və inzibati iş yenidən araşdırılması üçün həmin idarəyə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-1883/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1883/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver