Məhkəmə qərarları › İş №3(027)-1898/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1898/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1898/2023 28.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X1 İnzibati tənbeh vermə haqqında 02 avqsut 2023-cü il tarixli, TP ******* №li qərarından verilmiş şikayətə baxaraq, müəyyənetdim: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-mn 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 02 avqust 2023-cü il tarixində idarə etdiyi VAZ-21063 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən yaşadığı Quba rayonu Qrız-Dəhnə kəndində gedirdi. Quba şəhəri, Xəzər marketin yaxınlığında idarə etdiyi avtomobili yol patrul xidməti əməkdaşları saxladılar. Ona içkili olduğumu soruşdular, o içkili olmadığını bildirdi. Həmin zaman isə ona ASAN Xidmət mərkəzinin yanına getməyi orada “alkotestr”dən keçməli olduğunu bildirdilər. O, onlarla birlikdə ora getdi. Təxminən 4 ədəd alkotestrdən keçsə də, heç birində sərxoşluqla bağlı məlumat aşkar edilmədi. Lakin buna baxmayaraq yol patrul xidməti əməkdaşı ona sərxoş olduğunu cərimə yazılacağını bildirdi. O, bununla razılaşmadıqda “alkotestr”in nəticəsini tələb etdikdə ona “neynirsən çeki mən deyirəm sərxoşsan” bildirdilər. Bundan sonra ona Quba RPŞ-nə getməyi bildirdilər. Şöbədə o “alkotestr”in çekini tələb etdi və sərxoş olmadığını bildirdi. Lakin bura baxmayaraq barəsində sərxoş olmağı ilə bağlı qərar qəbul etdilər. O, bundan sonra dərhal Quba rayon Mərkəzi xəstəxanasına getdi və sərxoş olmamağı ilə bağlı 02 avqust 2023-cü il tarixli, 63 nömrəli protokol aldı. Həmin prokotolu yenidən Quba RPŞ-nə aparsa da, ona bu protokolun qanunsuz olduğunu bildirərək qəbul etmədilər. O, həmin günü içkili olmamışdır. Sərxoşluqla bağlı tibbi müayinədən keçmişdir. Barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Onun şikayətinə əlavə etdiyi protokoldan da göründüyü kimi tibbi müayinədə sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Qaydaların tələbindən də göründüyü kimi mübahisə olduqda şəxs tibbi müayinəyə göndərilir və bu baxımdan tibbi müayinənin sənədi mötəbər sübutdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş X3 və Quba RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan alkoqollu içkidən istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlı polis əməkdaşının xx.xx.2023-cü il tarixli alkotestr məlumatından görünür ki, X2 aşkar olunan alkoqolun miqdarı 0,724 %-dir. İş materiallarında olan CD diskə məhkəmə zalında baxış keçirilən zaman məlum oldu ki, hadisə vaxtı X3 avtomobili sərxoş vəziyyətdə idarə etmiş, sərxoş olmasını özü də etiraf etmişdir. Şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 02 avqust 2023-cü il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bu hal iş materiallarına əlavə olunmuş polis əməkdaşının xx.xx.2023-cü il tarixli alkotestr qəbzi ilə təsdiqini tapmışdır. Buda onu göstərir ki, X3 qərarda göstərilən inzibati xətanı törətmişdir. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar