Məhkəmə qərarları › İş №3(027)-1918/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1918/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1918/2023 08.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə Quba RPŞ-dən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Quba rayonu, Küsnət-qazma kəndində qardaşının idarə etdiyi avtomobil DYPB-nin əməkdaşları tərəfindən saxlanıldığı üçün onları nalayiq söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci və maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə MN ******* nömrəli xx.xx.2023-cü il tarixli protokol üzrə 3(027)-1917/2023 nömrəli inzibati xəta haqqında və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə MN ******* nömrəli xx.xx.2023-cü il tarixli protokol üzrə 3(027)-1918/2023 inzibati xəta haqqında işlər 3(027)-1918/2023 nömrə altında bir icraatda birləşdirilərək eyni vaxtda baxılması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, qardaşı Rövşən Məmmədov və ailələri ilə birlikdə Qubaya gəzməyə gəlmişdir. Quba rayonu Küsnətqazma kəndində yerləşən restoranın qarşısında, avtomobildən kənarda qardaşı ilə birlikdə dayanıb söhbət etmişlər. Ailələri həmin vaxt avtomobildə olmuşdur. Bu vaxt polis əməkdaşları yaxınlaşıb sənədlərini tələb etmişdir. Avtomobili idarə etmədiyi halda sənədlərin tələb edilməsinə etiraz edərək polis əməkdaşlarına irad bildirmiş və əsəbləşərək yüksəkdən danışmışlar. Həmin vaxt onlar sərxoş olsa da, söyüş söyməmişlər və kimsəyə əl qaldırmamışlar. O, əsəbi olduğu üçün bu hərəkətə yol vermişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Quba rayonu, Nügədi kəndinin sahə rəisi X3 göstərdi ki, o, Quba rayonu, Nügədi kəndinin sahə rəisidir. Hazırda növbətçi olduğundan inzibati xəta haqqında materialı məhkəməyə özü təqdim etmişdir. Protokolu özü tərtib etməmişdir. Hadisənin bilavasitə şahidi olmamış, onda olan məlumata görə Şəxs və qardaşı X2 polis əməkdaşlarını söymüş və onlara tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin DYPB-nin YPXBİ polis baş leytenantı Emin Xəlilov izahatında bildirdi ki, Şəxs onları görüb avtomobildən düşüb uzaqlaşmışdır. DYP-nin əməkdaşları ondan sənədlərini istəmiş, o da buna etiraz olaraq avtomobildə olmadığı halda sənədlərinin tələb edilməsinə iradını bildirərək səs-küy salmışdır. Bundan sonra çağırışa əsasən PPX-nin əməkdaşları gəlmiş, orada olan X2 qaçmış, lakin bir qədər sonra saxlanılmışdır. Həmin vaxt Şəxs ilə X1 ailələri maşında olmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs sözlə mübahisə yaratması və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, onun özünün etirafı, şahidin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X1 himayəsində xx.xx.2018-ci il təvəllüdlü Səriyyə adında uşağı vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağın olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən, Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Quba rayonu, Küsnət-qazma kəndində qardaşının idaə etdiyi avtomobili DYPB-nin əməkdaşları tərəfindən saxlanılan zaman sonunculara nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş və bu hərəkətlərinə son qoyması, ictimai qaydanı pozmaması barədə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər, yəni İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli potokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:41-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 09:41 azad edilmişdir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona 535.1-ci maddədə nəzərdə tutulmuş 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar