Məhkəmə qərarları › İş №3(027)-1926/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1926/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1926/2023 09.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 İzəddin oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1954-cü ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, orta məktəbdə müəllim işləyən, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Quba rayonu, Rustov kəndində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı bağ qonşusu Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 İzəddin oğluna dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən X3 izahatında bildirmişdir ki, inzibati araşdırma zamanı müəyyən olunmuşdur ki, Quba rayon Rustov kənd sakini Şəxs yaşadığı kənddə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bağ qonşuları Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs1 izəddin oğlunu döyərək, onlara dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ilə bostan qonşusudur. Həmin sahəyə görə aralarında dəfələrlə mübahisələr baş vermişdir. 15 may 2023-cü il tarixdə saat təxminən 18 radələrində o, sahədə təsərrüfat işləri görən zaman Zülfiyyə toyuqların onun bostanına girdiklərinə görə onu söyüb təhqir etmişdir. O, Zülfiyyəyə təhqir etməsinin səbəbini soruşduqda, aralarında mübahisə yaranmış və Zülfiyyə ilə oğlu Yusif onun üstünə hücum etmişlər. Zülfiyyə əlində olan ağacla onun baş nahiyyəsinə vurmuş, oğlu Yusif isə əlində kürək ilə onun qarnının sağ nahiyyəsindən vurmuş və o, yerə yıxılmışdır. Sonradan oğlu Aydın onu evə aparmışdır. Mübahisə zamanı o Zülfiyyəni və oğlu Yusifi vurmamış, özünü müdafiə etmək məqsədilə itələmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, bağ qonşusu Şəxs basdırdığı ağac dirəyi çıxaran zaman, Şahvələd əlində bel ilə gəlmiş və onları söyməyə başlamış, bel ilə onu vuran anda beli tutmuş, sonra Şahvələd onu yenidən vurmaq istəyərkən o, Şahvələdin qarşısına çıxmış Şahvələd əlində olan bel ilə oğlu Yusifin sağ əlindən vurmuşdur. X2 gələrək, onu və oğlu Yusifi təhqir edərək onları hədələmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 iştirakı ilə izahat vermiş Zərərçəkmiş şəxs1 İzəddin oğlu izahatında bildirmişdir ki, anası Zülfiyyə ilə birlikdə Rustov kəndində yerləşən bostan sahələrinə getmiş və sahənin girişində bağ qonşusu Şəxs basdırdığı ağac dirəyini çıxaran zaman Şahvələd əlindəki bel ilə anasını vurmaq istəyərkən qarşısına çıxmış və Şahvələd əlində olan bel ilə onu sağ əlindən vurmuşdur. Sonradan onun oğlu Aydın həmin yerə gəlmiş, onu və anasını təhqir edərək hədələmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 iyun 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 394 nömrəli, 19 may 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlirəm ki, onun bədəni üzərində aşkar olunan xəsarət- sağ əlin İV barmağının uc falanqasının arxa səthində sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 19 may 2023-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutlrı tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, Şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar