Məhkəmə qərarları › İş №3(027)-197/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-197/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-197/2022 14.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 vəkili və nümayəndəsi X8 və Quba Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 iştirakı ilə, X5 Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 16 fevral 2022-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis X4 Bölməsinin sahə rəisi, X3 tərəfindən tərtib edilmiş 16 fevral 2022-ci il tarixli, MN1327120 nömrəli protokola əsasən Quba RPŞ-nin rəis müavini Vüsal Rüstəmov tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 manat məbləğində cərimə olunmuşdur. X6 həmin qərardan şikayət vermişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, o, Quba şəhərində yaşayır. 16 fevral 2022-ci il tarixdə Quba rayon Polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək “Şişa çay evində” vaksin olunmadan Etibar Məmmədov adlı şəxsi vaksin olunmadan buraxaraq xidmət göstərərək, karantin qaydalarını pozması əsas gətirilərək 16 fevral 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. Həmin protokol əsasında 16 fevral 2022-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4000 (dörd min) manat cərimə edilməsi qərara alınmışdır. Həmin qərarda onun inzibati məsuliyyətə səbəb olan hərəkəti “16 fevral 2022-ci il tarixdə, saat 23:00 radələrində Quba rayonu Timiryazev qəsəbəsində yerləşən “Şişa çay evində vaksin olmadan Etibar Məmmədovu buraxaraq xidmət göstərərək karantin qaydalarını pozduğu” kimi qeyd edilmişdir. O, qeyd edilən protokol və qərarla razılaşmır. Belə ki, hazırda mübahisələndirdiyi qərar qəbul edilərkən onun VÖEN-ə malik olduğu əsas gətirilərək o, vəzifəli şəxs kimi cərimə olunmuşdur. Halbuki, o, 04 fevral 2022-ci il tarixdən 31 dekabr 2037-ci il tarixədək həmin VÖEN əsasında fəaliyyətini dayandırmış və bununla bağlı 3 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubunu şikayətinə əlavə edir. Həmin məktubdan da göründüyü kimi qərar qəbul edilən tarixdə, yəni 16 fevral 2022-ci il tarixdə həmin VÖEN aktiv olmamışdır. Həmin restoran onun adına deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Onun VÖEN-i dayandırıldığı üçün o, qərar qəbul edilən tarixdə fərdi sahibkar deyildi və vəzifəli şəxs hesab olunmurdu. Ona görə də, o, vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilə və 4000 manat məbləğində cərimə edilə bilməz. Qeyd etdiklərin əsasən hesab edir ki, həmin qərar ləğv edilərək, onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 vəkili və nümayəndəsi X10 bildirdi ki, şikayəti müdafiə edərək, X6 barəsində Quba rayon Polis Şöbəsi tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarın ləğv edilməsi və onun barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Quba RPŞ-nin polis sahə rəisi X3 göstərmişdir ki, X6 onlara VÖEN-in fəaliyyətinin dayandırılması barədə heçnə deməmiş, sözügedən çay evinə rəhbərlik etdiyini bildirmişdir. Ona görə də, Quba RPŞ-nin MN ******* saylı inzibati xəta haqqında qərarı qanuni və əsaslıdır. Həmin qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, 16.02.2022-ci il tarixli protokoldan görünür ki, X6 16.02.2022-ci il tarixdə, saat 23:00-da Quba rayonu Timiryazev qəsəbəsində yerləşən “Şişa” çay evində vaksin olmadan Etibar Məmmədovu buraxaraq xidmət göstərərək karantin kaydalarını pozmuşdur. Quba Rayon Polis X4 Bölməsinin sahə rəisi, X3 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, 16.02.2022-ci il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Verdi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin 25.0.2022-ci il tarixli, **********209100 nömrəli uçota dair arayışdan görünür ki, X1 və ya digər vergi tutulan əməliyyatları 04.02.2022-ci il tarixdən 31.12.2037-ci il tarixədək dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 16.02.2022-ci il tarixdə, saat 23:00-da Quba Rayon Polis X4 Bölməsinin sahə rəisi, X3 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokola əsasən MN ******* saylı, 16.02.2022-ci il tarixli qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimə edilmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərar qəbul edilərəkən, X5 vəzifəli şəxs olub-olmaması, adına olan VÖENnin aktiv olub-olmaması araşdırılmamışdır. Həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləməyi və həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxs olub-olmaması da araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verililir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, o cümlədən bu Məcəllənin 53-cü maddəsndə nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X6 barəsində Quba rayon Polis Şöbəsi tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar ləğv edilməli və əməlində inzibati xətanın tərkibi olmadığı üçün X6 haqqında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X6 barəsində Quba rayon Polis Şöbəsi tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar ləğv edilsin və əməlində inzibati xətanın tərkibi olmadığı üçün X6 haqqında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar