Məhkəmə qərarları › İş №3(027)-2/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2/2025 05.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə Quba rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: MN ******* nömrəli 11 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-96/2023 saylı icra sənədini icra etməmiş, icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla barəsində Azərbaycan Respublikası İXM-nin 528-1.1-ci maddə ilə nəzərdə tutulan inzibati xətaya dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Şəxs bildirdi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-96/2023 saylı icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X2 oğlu və xx.xx.2015-ci il təvəlüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci ildən tarixindən başlayaraq hər ay uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 manat sabit pul məbləğində aliment Şəxs tutularaq tələbkar X1 verilməlidir. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. 11 yanvar 2023-cü il tarixli məhkəmə iclasında Şəxs borcun 2000 manat hissəsini ödəməyə imkanı olduğunu və bununla bağlı məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Qeyd edilən əsas görə məhkəmə iclası 18 yanvar 2024-cü il, saat 11:50-ə və saat 17:40-a təxirə salınmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təyin olunmuş məhkəmə iclasına gəlməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəxs tapılıb məhkəməyə təqdim edilənədək iş üzrə icraatı dayandırılmışdır. İşin icrası ilə əlaqədar dəfələrlə Quba Rayon Polis Şöbəsinə xatırlama məktubları yazılmasına baxmayaraq, Şəxs iştirakı təmin edilməmişdir. Məhkəmə işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və müəyyən olunmuş müddətin keçdiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qeyd edilən Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 9 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Göründüyü kimi, əməl xx.xx.2024-cü il tarixdə baş verməklə üzərindən 01 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Quba rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 53 və 109-cu maddələrini rəhbər tutaraq , məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsilə Quba rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar