Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-200/2025 18.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Quba rayonu, Yerfi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Quba rayonu, Qayadalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-599/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, ayağında travması olduğundan işləyə bilməmiş və alimenti ödəməkdə gecikmələr yaranmışdır. Hissə-hissə ödəniş edəyəcəyinə dair tələbkarla razılığa gəlmişlər. Şəxs icra sənədinin icrasından yayınmadığını bildirərək, məhkəmədən barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim etdi və izahatında bildirdi ki, Quba Rayon Məhkəməsinin 2(027)-599/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Hazırda barışmışlar və birlikdə yaşayırlar. Şəxs barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə barəsində İXH protokol tərtib olunan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Sahib Cavadov icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Quba Rayon Məhkəməsinin 2(027)-599/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. - “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Quba Rayon Məhkəməsinin 2(027)-599/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, “İcraata başlamaq haqqında” qərarın surəti borclu Şəxs təqdim edilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə Sahib Cavadovun bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin 2(027)-599/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəxs xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş və icra sənədi icra edilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs icra sənədini və icra məmurunun qanuni tələblərini icra etməməsi səbəbilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar ərizə təqdim edərək, borcluya qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Hazırki vəziyyətdə isə məhkəmənin gəldiyi nəticəyə görə, Quba Rayon Məhkəməsinin 2(027)-599/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin 2(027)-599/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-200/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-200/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver