Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2014/2023 31.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Quba rayonu, Küsnət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı ünvan 1 ünvanında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan Şəxs xx.xx.2023-cü il tarixində saat 23:00 radələrində yaşadıqları evdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs keçmiş arvadıdır və onunla məhkəmə qaydasında boşanmışdır. Buna baxmayaraq övladları ilə birlikdə eyni evdə ayrı otaqlarda yaşayırlar. Ruhəngiz həmin evdə yaşayış üzrə qeydiyyatdadır. Aralarında dəfələrlə münaqişələr baş vermişdir. xx.xx.2023-cü il tarixdə içkili halda evə gələrək Ruhəngizin yataq otağına girmiş, o ayağındakı zədələrə görə müalicə olunması ilə maraqlandıqda, əsəbiləşdiyi üçün mübahisə etmişdir. Ruhəngizdən evi tərk etməsini tələb etmiş, hətta evin bəzi əşyalarını sındırmışdır. Bu səs-küyə qonşular da gəlmiş, bu hərəkətlərini telefonla qeydə aldığı üçün onun qollarından tutub itələmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Pərviz keçmiş əridir və onunla 2019-cu il tarixdə məhkəmə qaydasında boşanmışlar. Buna baxmayaraq eyni evdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 22:45 radələrində yataq otağında olarkən Pərviz içkili halda otağa daxil olaraq mübahisə etməyə başlamış, daha sonra isə ev əşyalarını həyətə çıxarmaqla ondan evi tərk edib getməsini tələb etmiş və ətrafdakı qonşuların narahatçılığına səbəb olmuşdur. Bununla bağlı DİN “102” xidmətinə zəng vuraraq məlumat vermiş, mobil telefonla vıdeoçəkiliş etmək istərkən sonuncu üzərinə gəlməklə saçlarından tutub dartmış və qollarından tutub itələmişdir. Hazırda şikayətçidir və mümkün sərt cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 25 avqust 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 554 nömrəli, 05 avqust 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət- sol bazunun orta 1/3-nin iç səthində qançır, sağ saidin arxa səthində sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 04 avqust 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutlrı tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, Şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hal kim müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 31 avqust 2023-cü il, saat 11:00dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsin əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 31 avqust 2023-cü il, saat 11:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-2014/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2014/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver