Məhkəmə qərarları › İş №3(027)-2054/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2054/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2054/2023 06.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayonu, Xucbala kəndində qeydiyyatda olan yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə xx.xx.2023-cü il tarixdə ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2090/2020 saylı icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(105)-2090/2020 saylı icra vərəqəsinə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərarı ilə tələbkar Zərərçəkmiş şəxs verilmiş 0,06 ha torpaq sahəsində yerləşən evdən borclu Şəxs məxsus icra vərəqəsində qeyd olunan cehiz əmlakları çıxarılmalıdır. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Belə ki, borclu Şəxs dəfələrlə əmlakın çıxarılması təklif və tələb edilmiş, lakin Şəxs müxtəlif bəhanələrlə əmlakı çıxarmaqdan boyun qaçırmışdır. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınardaşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, əmlaklarını çıxarmağa başqa yeri yoxdur. Quba Rayon Məhkməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 189/2020 saylı məhkəmə qətnaməsinə əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində həyətyanı torpaq sahəsinə onun payı müəyyən edilərək yaşayış evinə köçürülməlidir. Həmin qətnamədən Apellyasiya və Ali məhkəməyə şikayətlər verilmiş, həmin qətnamənin qüvvədə qalıb qalmaması barədə hazırda heç bir məlumatı yoxdur. Göstərdiyi halları nəzərə alaraq, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2090/2020 saylı icra vərəqəsindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərarı ilə iddiaçı Zərərçəkmiş şəxs verilmiş 0,06 ha torpaq sahəsində yerləşən evdən cavabdeh Şəxs məxsus taxt - 1 ədəd, şifoner - 1 ədəd, servant- 1 ədəd, tirmo - 1 ədəd, sandıq - 1 ədəd, xalça - 3 ədəd, uşaq yatağı- 1 ədəd, beşik - 1 ədəd, ədyal - 3 ədəd, döşəklər, yorğanlar, yastıqlar, uşaq döşəyi, uşaq yorğanı, yataq örtükləri, dəsmallar, pərdələr, prostinalar, taxt döşəyi, divan üstü, elektrik çayniki - 1 ədəd, xörək servizi - 1 ədəd, qrafin, qaşıqlar, boşqablar, badyalar, stəkanlar, çaynik, güzgü, lampa, sinilər, süzgəclər, meyvə qabları, su qabları, stullar - 6 ədəd, nahar stulu, süfrələr, uşaq oyuncaqları, uşaq paltarları, ayaqqabılar, çıl-çıraqdan ibarət cehiz əmlakları çıxarılmalıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-189/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X4 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyam torpaq sahəsini X1 dair 22 fevral 2019-cu il tarixli AN-İ N° ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə X2 adına Azərbaycan Respublikası DƏDRX-dan verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX N° ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “Çıxarış” etibarsız hesab edilməli, birgə nikah dövründə əldə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX N° 1234795, ********** qeydiyyat nömrəli, xx.xx.2018- ci il qeydiyyat tarixli “Çıxarış”a əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsindən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX N° 0133201, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Çıxanş”a əsasən Quba rayonu Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə X4 və 1/2 hissədə Şəxs payı müəyyən edilmiş, Quba rayonu Timiryazev kəndində yerləşən 0,05 ha həyətyam torpaq sahəsində tikilmiş yaşayış evinə Şəxs azyaşlı uşaqları ilə birlikdə köçürülməlidir. İş materiallarından görünür ki, Şəxs adına daşınmaz əmlak, daşınar əşyaların rəsmi reyestrində qeydiyyata alınmalı olan daşınar əşyalar, bank əmanətləri yoxdur. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Quba rayon İcra Şöbəsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İş materiallarından görünür ki, icra məmurunun verdiyi sorğular əsasında Şəxs banklarda əmanətləri, xüsusi mülkiyyətində tələb yönələ biləcək daşınmaz və daşınar əmlakı, sahibkarlıq fəaliyyəti ilə məşğul olması, işləməsi və aylıq gəlirə malik olması müəyyən edilməmişdir. Belə olan vəziyyədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməməsinin üzrlü səbəblər barədə gətirdiyi dəlillər inandırıcıdır. İşdəki sübutlarla Şəxs üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta hıqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar