Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-210/2022 18.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Protokol tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Abşeron rayonu, Saray qəsəbəsi X6 küçəsində qeydiyyatda olan və Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, bina 10/17, mənzil 8 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.2-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 07.12.2021-ci il tarixdə Quba şəhəri, Fətəlixan küçəsində yerləşən “Topaz” mərc oyunları kontorunda qanunla müəyyən edilmiş qaydada akreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə məşğul olmuşdur. Həmin faktla bağlı Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru, X7 tərəfindən araşdırma aparılmış, 19 dekabr 2021-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 401.2-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. Fakt üzrə Quba RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 401.2-ci maddəsi ilə 28 fevral 2021-ci il tarixli, MN 1327287-48 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X3 bildirdi ki, Şəxs 07.12.2021-ci il tarixdə Quba şəhəri, Fətəlixan küçəsində yerləşən “Topaz” mərc oyunları kontorunda qanunla müəyyən edilmiş qaydada akreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə məşqul olmuşdur. Protokolu təhqiqatçının qərarı əsasında tərtib etmişdir. Şəxs protokolla tanış olmuş, almaqdan imtina etmişdir. Bu barədə akt tərtib edilib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Quba şəhəri, Fətəlixan küçəsində yerləşən Topaz mərc oyunları kontorunda çalışır. Baş ofis tərəfindən verilmiş oyun aparatları onun adına olmaqla, sənədləşmə işlərində satıcı-kassir kimi göstərilmişdir. 07 dekabr 2021-ci il tarixdə saat 20 radələrində obyektdə olarkən içəri polis əməkdaşları daxil olmuş, içəridə müştərilərin karantin qaydalarına zidd olaraq tibbi maska taxmamalarını və vaksinsiz daxil olmalarını irad tutmuşlar. İçəridə təşkil edilmiş xidmətlərlə maraqlanan zaman həmin vaxt lisenziyasız mərc oyunu təşkil edildiyi müəyyən edilmişdir. “Aysbet” səhifəsində futbol mərc oyunlarını müxtəlif məbləğlərdə nəğd və nisyə olaraq pul qoyulması qəbul edilmiş, lakin həmin səhifə ilə onun heç bir əlaqəsi olmamış bu iş tanışı Xəyal tərəfindən həyata keçirilmişdir. Həmin səhifədən əldə olunan uduşlar Xəyal tərəfindən ödənilmiş, həmin proseduru həyata keçirmək üçün Xəyalın özünə məxsus Samsung markalı mobil telefondan istifadə edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 401.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, Şəxs tanıyır, uzaq qohumudur. Xəyal adlı qohumunun xahişi ilə noyabr ayında 3-4 gün Hatəmin işlədiyi obyektə gəlmiş, Xəyal həmin obyektin özünə məxsus olduğunu demişdir. Hatəm həmin vaxt “Topaz” mərc oyunları kontorunda kassir idi. Kassa aparatında Hatəmin adı var idi. “Topaz” mərc oyunlarından başqa Aysbetdən mərc təşkil etmişlər. Polislər daxil olanda özü Sumqayıt şəhərində olmuşdur. Kart Xəyalın idi, uduşları Xəyal öz kartından edirdi. İş materiallarında olan 19 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 401.2-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-nə və AR İXM-nin 192.1-ci maddəsi ilə müvafiq tədbir görülməsi üçün X4 göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 28.02.2022-ci il tarixli Quba RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Ağamirzəyev Rəvan Akif oğlu tərəfindən tərtib olunmuş Aktdan görünür ki, Şəxs, barəsində Azərbaycan Respublikası İXM-nin 211.1 və 401.2-ci maddələri ilə tərtib olunmuş inzibati protokolları, tutma protokolunu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 13.12.2021-ci il tarixli razılaşdırma protokolundan görünür ki, Şəxs ilə "xxxx" QSC arasında imzalanan 07.06.2021-ci il tarixli müqaviləyə 13.12.2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, 19 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və 28 fevral 2022ci il tarixli, MN 1327287-48 №-li inzibati xəta haqqında protokolla sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.2-ci maddəsinə əsasən Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışına görə –fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, tərəfindən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırki işin materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi dövlət vergi orqanlarında qeydiyyata alınmış və ona ********** №-li VÖEN verilmişdir. Lakin həmin VÖEN-in fəaliyyət istiqaməti ev (kənd təsərrüfatı) quşlarının yetişdirilməsi kimi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin VÖEN-nin fəaliyyət istiqaməti tamamilə fərqli olduğundan, hazırki inzibati işlə əlaqəli olmadığından Şəxs fiziki şəxs hesab edilməli və ona İXM-nin 401.2-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İXM-nin 401.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-33, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.2-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-210/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-210/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver