Məhkəmə qərarları › İş №3(027)-2101/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2101/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2101/2023 04.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin 01 sentyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Quba RPŞ DYPB-nin 01 sentyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, 02 sentyabr 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə yas mərasimi ilə əlaqədar Quba rayonunda olarkən axşam saatlarında saat təxminən 23 radələrində Quba-Qəçrəş yolunda Qəçrəş istiqamətində hərəkət edərkən, Quba rayon DYP əməkdaşları idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobili qadağan edilmiş siqnal olduğunu bəhanə gətirərək saxlatmışdır. Daha sonra onun avtomobilində heç bir siqnal və yaxud digər qadağan olunmuş əşyanın olmadığını gördükdə DYP əməkdaşı onun içkili olduğunu bəhanə gətirərək barəsində sözü gedən protokolu tərtib etmişdir. Bildirmək istəyir ki, o həmin vaxt heç bir içki qəbul etməmiş, polis əməkdaşları tərəfindən tərtib edilmiş protokol ona təqdim edilməmişdir, əgər ona protokol təqdim edilsəydi, o həmin protokolla razı olmadığını bildirərək, mütləq qaydada içkili olmadığı barədə qeyd aparardı. Polis əməkdaşları tərəfindən onu heç bir tibbi yoxlamadan keçirtmədən, sadəcə özlərində olan mənşəyi və sertifikatı məlum olmayan “alkotesterə” üfürmə nəticəsində belə bir qənaətə gəlmişdir ki, o həmin vaxt içkili olmuşdur. Həmin vaxt artıq gecə olduğundan, avtomobildə körpə uşaqların olduğundan, onların ağlamasından və tanımadığı bir rayonda tək olduğu üçün polis əməkdaşı ilə mübahisə etmədən, polis əməkdaşının təzyiqi və təsiri altında avtomobilini tanımadığı taksi sürücüsünə etibar edərək hərəkətə davam etmişdir. Saxlandığı yerdən bir qədər aralandığdan sonra ona məxsus mobil telefona SMS gələrək AR İXM-nin 329.3 və 333.1-ci maddələri ilə 400 manat cərimə olunduğunu bilmişdir. Həmçinin qeyd edir ki, o saxlanılan vaxt heç bir hal şahidi orada iştirak etməmişdir. İşə baxılmasının yeri və vaxtı barədə şikayət verən X4 və qərarından şikayət verilmiş orqana məlumat verilsə də, X5, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Məhkəmə işə, onların iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “AsanPay” rəsmi internet saytında son ödəniş məlumatlarından çıxarışdan məlum olur ki, X5 İXP ******* saylı elektron qərar üzrə 400 manat cərimə edilmişdir. İş materiallarında olan BB115977 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BD-*** dövlət nömrə nişanlı “Range Rover” markalı nəqliyyat vasitəsi ünvan 1 ünvanında qeydiyyatda olan X2 mülkiyyətindədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X5 idarə etdiyi avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və alkotester müayinəsilə alkoqol istifadəsi nəticəsinə gəlinmiş və prokol tərtib olunmuşdur. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin Qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin Həmin qərarın İİİ hissəsinə yəni Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması qaydalarının 3.3-cü bəndinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini idarə edən X5 xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olmadığından və bununla da tibbi müayinəyə aparılmadan müvafiq qərar qəbul olunduğundan, beləliklə də 01 sentyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati qərar hüquqi və faktiki əsaslar olmaqla, habelə qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tənzimləməyə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X3 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Quba RPŞ DYPB-nin 01 sentyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar