Məhkəmə qərarları › İş №3(027)-2119/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2119/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2119/2023 13.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X2 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba rayon Polis Şöbəsininn barəsində olan 15 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilib inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon Polis Şöbəsinin 15 sentyabr 2023cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. O, Quba rayon Polis Şöbəsinin qeyd edilən qərarı ilə razılaşmır, qərar qanunsuz və ədalətsiz olduğundan, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. 15 sentyabr 2023-cü il tarixdə idarə etdiyi “Hunday Tucson” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla saat 15:00-16:00 radələrində Quba şəhərində Quba rayonu X7 Elnur Dadaşov maşınını saxlatdırıb sənədlərinə baxış keçirdi,sənədlərinin qaydasında olduğunu görüb onun alkoqoldan istifadə etdiyini bildirmiş və o, da spirtli içki qəbul etmədiyini bildirmişdir. Lakin yol polis inspektoru israr edərək onu Xaçmaz rayonu Narkoloji həkim müayinəsinə göndərmiş, orada həkim spirtli içki qəbul etmədiyini bildirmiş, lakin yol Polis İnspektoru qərəzliklə alkoqoldan istifadə etdiyi barədə protokol tərtib edərək Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə 400 (dörd yüz) manat cərimə olunmuşdur. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Quba RPŞ-nin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 idarə etdiyi “Hyundai Tucson” Minik markalı ** DJ *** Dövlət qeydiyyat nişanlı minik avtomobilini sərxoş vəziyyətdə idarə etmişdir. Belə ki, inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokolda düzgün ifadə olunmasa da, həmin protokolda X6 haqqında Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsi ilə inzibati icraat başlanmasının əsasını onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla, avtomaşını sərxoş vəziyyətdə idarə etməsi təşkil edir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, Dərgah Abdullayevun əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsində göstərilən məsuliyyətin yaranması üçün onun avtomaşını sərxoş vəziyyətdə idarə etməsi həlledici dispozitiv şərtdir. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Belə ki, protokolu tərtib edən orqan tərəfindən iş materiallarına alkotester rəyinin ksero surəti əlavə edilmişdir. Həmin alkotester rəyinin üzərində onun doğruluğunu təsdiq edəcək imza və ya möhür mövcud olmamışdır. Məhkəməyə protokolu tərtib etmiş orqan tərəfindən Dərgah Abdullayev barəsində “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt” təqdim edilməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli kserosurət olan rəyi sübut növü kimi qəbul edilə bilməz. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən də Dərgah Abdullayevun göstərilən vaxt nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərilən digər maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarından X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Quba RPŞ-nə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba RPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar