Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-216/2022 17.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X2 Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 05.02.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barsində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 05 fevral 2022- ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında Quba rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X6 tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli, MN ******* nömrəli, Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati qaydada cərimə olunması barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Rövşən İskəndərov şikayəti onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Qəcər-Zeyid kəndində yaşayır. 05 fevral 2022-ci il tarixdə Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Ülviyyə” Şadlıq Sarayında vaksin olunmadan müştəri qəbul etdiyi əsas gətirilərək 05 fevral 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Həmin protokol əsasında da 05 fevral 2022-ci il tarixdə, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4000 manat məbləğində cərimə edilməyi qərara alınmışdır. Qeyd edilən protokol və qərarla aşağıdakı səbələrə görə razılaşmır. Hazırda mübahisələndirdiyi qərar qəbul edilərkən onun VÖEN”-ə malik olduğu əsas gətirilərək o, vəzifəli şəxs kimi cərimə olunmuşdur. Halbuki, onun “Ülviyyə” Şadlıq Sarayının vəzifəli şəxsi olmağı düzgün deyildir. Çünki onun 3 saylı Ərazi Vergilər İdarəsində mövcud olan ********** VÖEN-im sırf JN-466 KOD 30304058 saylı Torpağa Mülkiyyət Hüququna X11 əsasən vergi ödəyicisi kimi qeydiyyata alınmağı ilə bağlıdır və həmin VÖEN 21 fevral 2022-ci il tarixdən 10 fevral 2067-ci il tarixədək dayandırılmışdır. Bununla bağlı 3 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubunu şikayətinə əlavə edir. Həmin məktubdan da göründüyü kimi onun “Ülviyyə” Şadlıq Sarayı ilə hər hansı əlaqəsi yoxdur, o, həmin şadlıq sarayının vəzifəli şəxsi deyil, onun sahibkarlıq fəaliyyəti kənd təsərrüfatı ilə bağlı olmuşdur. Həmin şadlıq sarayının nə mülkiyyətçisi, nə də sahibkarı o deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Onun VÖEN-nin sırf kənd təsərrüfatı ilə bağlı olduğu və onun “Ülviyyə” Şadlıq Sarayının vəzifəli şəxsi olmadığı üçün həmin şadlıq sarayına vaksinsiz müştəri qəbul edilməməsi də onun vəzifəsi olmamışdır. Ona görə də vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilə və 4000 manat məbləğində cərimə edilə bilməzdi. Peyvənd olunmadan “Ülviyyə” Şadlıq Sarayında vaksinsiz müştəri qəbul etməsinin iddia edilməsi onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinin pozulması kimi qiymətləndirilməməlidir. Çünki, qeyd edilən şadlıq sarayı protokolda ona məxsus olduğu göstərilsə də, həmin şadlıq sarayı özünə məxsus deyildir və vəzifəli şəxsi o deyil. Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli, 151 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərarının 2.5-5.3-cü bəndinə əsasən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində qapalı məkanda göstərilən xidmətlərdən yalnız etibarlı olan COVİD-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVİD-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əksgöstəriş sertifikatı olduğu halda istifadə edə bilərlər. Ərizəsinə əlavə edilmiş məktubdan da göründüyü kimi o, ictimai iaşə obyetkinin sahibkarı deyil, vergi ödəyicisi kimi fəaliyyəti kənd təsərrüfatı ilə bağlıdır. Hər hansı ictimai iaşə obyektində şəxslərin vaksin olunub olunmamasına da özü nəzarət edə bilmir, çünki belə bir hüququ yoxdur, eyni zamanda bu onun vəzifəsi də deyildir. Ümumiyyətlə inzibati xəta haqqında qərarda adı qeyd edilən ictimai iaşə obyekti ona məxsus deyildir. Onun öhdəliyi olmayan bir tələbə görə üzərinə hansısa ictimai iaşə obyetkinə vaksinsiz daxil olan vətəndaşlara görə 4000 manat məbləğində cərimə qoyulmağı qanunsuz olmaqla yanaşı ədalətsizdir və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibini yaratmır. Onun həmin şadlıq sarayının sahibkarı olması, vəzifəli şəxsi olması və ictimai iaşə obyektinə daxil olan vətəndaşlardan peyvənd sertifikatı tələb etmək hüququnun və ya öhdəliyinin olmasını sübut etmək yükü isə onun barəsində protokol və qərarı qəbul etmiş orqanın üzərinə düşür. O, Covid 19 pandemiyasının fəsadlarını başa düşən bir vətəndaşdır və özü bir fiziki şəxs kimi üzərinə düşən öhdəliyini başa düşərək zamanında peyvəndlərimi vurdurmuşdur. Hesab edir ki, Quba rayon Polis Şöbəsi tərəfindən onun 4000 manat məbləğində cərimə olunmağı üçün əsaslar mövcud olmamışdır. Ümumiyyətlə mövcud qanunvericiliyin tələbinə əsasən inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir və şəxsin təqsirli olmasına dair şübhələr onun xeyrinə həll olunmalıdır. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi yoxdur. Qeyd etdiklərinə əsasən hesab edir ki, həmin qərar ləğv edilərək onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Əlavə olaraq bildirir ki, 05 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolun surəti ona verilsə də, MN seriyalı ******* nömrəli qərar ona verilməmişdir. Dəfələrlə Quba rayon Polis Şöbəsinə gedib gəlsə də, həmin qərarın surəti ona verilmədiyi üçün 21 fevral 2022-ci il tarixdə qərarın surətinin alınması üçün rəsmi qaydada Polis Şöbəsinə müraciət etmişdir. Yalnız bundan sonra 28 fevral 2022-ci il tarixdə ona şikayətinə də əlavə etdiyi 05 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar adı ilə sənəd verilmişdir. Həmin sənəddə qərarın Quba rayon Polis şöbəsinin rəis müavini X6 tərəfindən tərtib edildiyi qeyd edilsə də, inzibati xətanın mahiyyəti, cərimənin məbləği və digər məlumatlar yoxdur, qərar tərtib edən şəxs tərəfindən imzalanmayıb. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş X3 və Quba rayon Polis Şöbəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Rövşən İskəndərovun və Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş İnzibati xəta haqqında MN ******* saylı, 05.02.2022-ci il tarixli protokoldan görünür ki, R.İskəndərov 05.02.2022-ci il tarixdə Quba rayonu, Alkeseyevka kəndində yerləşən özünə məxsus “Ülviyyə” şadlıq sarayında vaksinsiz müştəri qəbul etmişdir. Bu barədə Quba RPŞ-nin İTB-nın sahə rəisi X4 tərəfindən protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, 05.02.2022-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 22.02.2022-ci il tarixli, **********786300 saylı məktubundan görünür ki, Rövşən İskəndərov 3 saylı Ərazi Vergilər İdarəsində 29.12.2019-cu il tarixdə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə JN-466 KOD 30304058 nömrəli Torpağa Mülkiyyət Hüququna X11 əsasən vergi ödəyicisi kimi uçota alınmışdır. “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin ) fəaliyyətinin dayandırılması haqqında arayış”a əsasən sahibkarlıq fəaliyyəti 21.02.2002-ci il tarixdə 10.10.267-ci il tarixədək dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 05.02.2022-ci il tarixdə Quba Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi polis kapitanı X9 oğlu tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi ilə MN1327066№li protokol tərtib edilmiş, həmin protokola əsasən MN ******* saylı, 05.02.2022-ci il tarixli qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 manat məbləğində cərimə edilmişdir. X3 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi dövlət vergi orqanlarında qeydiyyata alınmış və ona ********** №-li VÖEN verilmişdir. Lakin həmin VÖEN-in fəaliyyət istiqaməti JN-466 KOD 30304058 nömrəli Torpağa Mülkiyyət Hüququna X11 əsasən vergi ödəyicisi kimi uçota alınmışdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərəkən bu hal araşdırılmamışdır. X1 “Ülviyyə” şadlıq sarayının vəzifəli şəxsi kimi inzibati məsuliyyətə cəlb edilsədə, onun həmin şadlıq sarayında rəsmi olaraq çalışmasını (işləməsini) təsdiq edən hər hansı bir sübuta istinad edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X3 barəsində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 05 fevral 2022- ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında Quba rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X6 tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli, MN ******* nömrəli, Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati qaydada cərimə olunması barədə qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 barəsində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 05 fevral 2022- ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında Quba rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini X6 tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli, MN ******* nömrəli, Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati qaydada cərimə olunması barədə qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-216/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-216/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver