Məhkəmə qərarları › İş №3(027)-221/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-221/2022

05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-221/2022 05.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Quba rayonu, Qələdüz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Quba rayonu, Qələdüz kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs oğlu 03 mart 2022-ci il tarixdə saat 22 radələrində Quba şəhərində yerləşən “Kəklikotu” çay evinin içərisinə vaksini etibarsız hesab edilən şəxsi buraxmışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs oğlunun barəsində 04 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 03 mart 2022-ci il tarixdə saat 22 radələrində Quba şəhərində yerləşən “Kəklikotu” çay evin də polis əməkdaşları tərəfindən yoxlanış keçirilən zaman 2 nəfər şəxsin vaksin olunmadan içəri daxil olduğu müəyyən edilmişdir. Həmin şəxslərdən Şərifov Abid kafeyə oturmaq üçün deyil, ondan söz soruşmaq üçün gəlmiş, Babayev Coşqun isə onların səhlənkarlığı üzündən içəri daxil olmuşdur. Hazırda əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə protokolu tərtib etmiş şəxs - Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 protokolda yazılanları təsdiq etdi. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, 03 mart 2022-ci il tarixdə saat 22 radələrində Quba şəhərində yerləşən “Kəklikotu” çay evinə dostu ilə görüşmək üçün getmişdir. Polis əməkdaşları kafedə yoxlanış keçirərkən onu vaksinsiz içəri daxil olduğu məlum olmuşdur. İş materiallarında olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, Şəxs vergi ödəyicisi olmaqla, adına olan ********** saylı VÖEN hal-hazırda aktivdir. Yəni, Şəxs vəzifəli şəxsdir. İş materiallarında olan vaksin barədə məlumatdan görünür ki, X3 birinci doza vaksini 27.08.2021-ci il tarixdə qəbul etmişdir, hal-hazırda aktiv icazə müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, izahatları dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli, 229 nömrəli qərarına əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin “COVİD-19”a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya “COVİD-19”-a qarşı immunitet sertifikatının olması tələb edilir: mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin “COVİD-19” pasportunun olması tələb edilir, yaşı 18dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələr, mehmanxanalar və iri ticarət mərkəzləri kimi qapalı məkanda göstərilən xidmətlərdən yalnız “COVİD-19” pasportu olduğu halda istifadə edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli və “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2021-ci il 27 noyabr tarixli 371 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərarına əsasən, 15 fevral 2022-ci il tarixdən etibarən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız etibarlı olan COVİD- 19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVİD-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olduğu halda istifadə edə bilərlər. Lakin, Şəxs çay evində “COVİD-19” pasportu olmayan vətəndaşları içəri buraxaraq, onlara xidmət göstərərək, xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 211.1-ci maddəsi ilə tövsif edilmişdir Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən, Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vergi ödəyəcisi olduğundan vəzifəli şəxs hesab edilir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, şəxsiyyətini nəzərə alaraq qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və vəzifəli şəxs kimi inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 4000 (dörd min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar