Məhkəmə qərarları › İş №3(027)-2215/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2215/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2215/2023 30.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X2 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 329.3-cü və və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 08 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 01 oktyabr 2023-cü il tarixdə gecə saat təxminən 23 radələrində Quba rayonu, Alpan kəndində yaşadığı evdə olarkən Quba Rayon Polis X6 Polisinin əməkdaşları qapısına gəlmişlər. O, evindən çölə çıxdıqda yol polisi əməkdaşı ona guya sərxoş vəziyyətdə avtomaşın idarə etdiyini bildirərək inzibati xəta törətdiyini bildirmişdir. O, hal-hazırda evdə olduğunu, sərxoş vəziyyətdə avtomaşın idarə etmədiyini, həmin yol polisi əməkdaşının onu avtomobil idarə edərkən deyil, evdə olarkən çölə çağırdığını, bununla da Azərbaycan Respublikası Qanunvericiliyinin bütün tələblərini pozduğunu bildirsə də, həmin əməkdaş onun barəsində protokol tərtib edəcəyini, hətta irəli gedərək qapının qarşısında olan avtomobilini duracağa aparacağını bildirmişdir. O, etiraz etməyinə baxmayaraq aralarında problemi həll edə bilmədiyləri üçün məcbur qalıb evinin qarşısında dayanmış avtomobilinin açarlarını yol polisi əməkdaşına təhvil vermişdir. Polis əməkdaşları onun avtomobilni Quba şəhərinə gətirərək duracağa qoymuşlar. Avtomaşının əlindən alınarakən və hal-hazırki qərarla cərimə olunmağına səbəb olan protokol tərtib edilərkən o, hər hansı sərxoşluq müayinəsindən keçməmişdir. Eyni zamanda bununla bağlı ona yol polisi əməkdaşı tərəfindən hər hansı protokol, qərar və ya da hər hansı rəsmi sənəd təqdim edilməmişdir. 08 oktyabr 2023-cü il tarixdə isə ona TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar təqdim edilərək guya onun 01 oktyabr 2023-cü il tarixdə, saat 22:48 radələrində Quba rayonu. Alpan kəndində QAZ3110 101 minik markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə işıq cihazlarından istifadə qaylarını pozmağa, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilməyi qərara alınmışdır. Onun barəsində protokol tərtib edilərkən o, evdə olmuşdur, yəni nəqliyyat vasitəsi idarə etməmişdir, eyni zamanda o, nə xüsusi texniki vasitə ilə, nə də sərxoşluqla bağlı tibbi müayinədən keçməmişdir. Barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Quba RPŞ-nin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında 08 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 idarə etdiyi “Qaz 3110 101” Minik markalı ** BU *** Dövlət qeydiyyat nişanlı minik avtomobili ilə işıq cihazlarından istifadə qaydalarını pozmuş, avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsində göstərilən məsuliyyətin yaranması üçün onun avtomaşını sərxoş vəziyyətdə idarə etməsi həlledici dispozitiv şərtdir. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Belə ki, protokolu tərtib edən orqan tərəfindən iş materiallarına alkotester rəyinin ksero surəti əlavə edilmişdir. Həmin alkotester rəyinin üzərində onun doğruluğunu təsdiq edəcək imza və ya möhür mövcud olmamışdır. Məhkəməyə protokolu tərtib etmiş orqan tərəfindən X3 barəsində “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt” təqdim edilməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli kserosurət olan alkotester rəyi sübut növü kimi qəbul edilə bilməz. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən də X3 göstərilən vaxt nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərilən digər maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarından X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Quba RPŞ-nə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba RPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar