Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2231/2023 30.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 329.1-ci və və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 08 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 14 mart 2023-cü il tarixdə, səhər saat 08:10 radələrində Quba Rayon Polis X9 Polisinin əməkdaşları guya sərxoş vəziyyətdə avtomaşın idarə etdiyimi bildirərək inzibati xəta törətdiyim nəticəsinə gəlmişlər. O, sərxoş vəziyyətdə avtomaşın idarə etmədiyini bildirsə də, həmin əməkdaş onun barəsində protokol tərtib edəcəyini bildirdiyi üçün o məcbur olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə yol polisi əməkdaşının qanunsuz hərəkəti ilə bağlı məlumat vermişdir. Onun yuxarıda qeyd etdiyi hadisə ilə əlaqədar 102 xidmətinə etdiyi şikayəti ilə bağlı araşdırma materialı Polis Şöbəsində mövcuddur. 08 oktyabr 2023-cü il tarixdə isə ona TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar təqdim edilərək guya onun 14 mart 2023-cü il tarixdə, saat 08:10 radələrində Quba rayonu, Mirzəməmmədkənd kənd yolunda “OPEL ZAFİRA minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilməyi qərara alınmışdır. Bildirmək istəyir ki, onun barəsində protokol tərtib edilərkən o təhlükəsizlik kəmərindən istifadə etmiş və sərxoş olmamışdır. Barəsində protokol tərtib edilərkən o xüsusi texniki vasitə ilə müayinədən keçməmişdir. Barəsində protokol tərtib edildikdən bir neçə saat sonra o Quba Rayon Mərkəzi Xəstəxanasında sərxoşluq vəziyyətinin bütün növlərinin təyinatı məqsədi ilə aparılan tibbi müayinədən keçmiş və həmin xəstəxanadan verilən 14 mart 2023-cü il tarixli, 25 nömrəli protokoldan da göründüyü kimi o ayıq olmuş, onda alkoqolun qəbulu əlamətləri olmamışdır. Bu hal isə özlüyündə əməldə inzibati xəta tərkibinin olmamasına dəlalət edir. Eyni zamanda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi də iş materialları ilə sübut olunmasa da, Polis Şöbəsi onu qeyd edilən maddə ilə də təqsirli bilmişdir. Belə ki, inzibati xəta haqqında qərarda bu halı sübut edəcək heç bir sübut (akt, videogörüntü və s) hal qeyd edilməmişdir. Bu isə onu göstərir ki, barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Onun əməlində isə yuxarıda göstərilən inzibati xətanın tərkibi olmamışdır. Belə ki, DYP əməkdaşı ona sərxoş vəziyyətdə avtomobil idarə edərkən deyil, sərxoş olmadığı halda protokol tərtib etmişdir. Bu hal isə inzibati xəta hadisəsinin olmaması və onun əməlində hər hansı inzibati xəta tərkibinin olmamasıdır ki, bu halda da iş üzrə icraata xitam verilməlidir. Onun haqlı olduğunun diqər bir sübutu isə ondan ibarətdir ki, əgər yol polisi əməkdaşı həgigətən onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyini müəyyən etmişdisə, ondan nəyə görə 102 xidmətinə zəng etdikdən sonra onun avtomobili elə həmin gün ona geri gaytarmış, nəyə görə hadisədən bir neçə saat sonra Quba MRX-da keçdiyim tibbi müayinə zamanı sərxoş olmadığı və ayıq olduğu öz əksini tapmış, hətta nəyə görə 14 mart 2023-cü il tarixdə tərtib edilmiş protokolun qərarı 7 aydan sonra oktyabr ayında gəbul edilmişdir? Onun şikayətinə əlavə etdiyi protokoldan da göründüyü kimi tibbi müayinədə sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Qaydaların tələbindən də göründüyü kimi mübahisə olduqda şəxs tibbi müayinəyə göndərilir və bu baxımdan tibbi müayinənin sənədi mötəbər sübutdur. İş materiallarından və inzibati xəta haqqında qərardan nəyə görə 14 mart 2023-cü il tarixli protokolla bağlı 08 oktyabr 2023-cü il tarixdə qərar qəbul edilməsi və bütün müddətlərin ötürülməsi də əsaslandırılmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli 25 №li sərxoşluq hallarının bütün növlərinin təyinməqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, X1 olmadığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 125.2.3-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, Quba rayonu, Yol Patrul xidməti inspektoru polis kiçik serjantı X8 tərəfindən X4 barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən Quba RPŞ-nin DYP Bölməsinin rəisi X3 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən 400 manat məbləğində cərimə edilmişdir. İş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Ceyhun Ağakişiyevin göstərilən vaxt nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsi və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halın mövcudluğunu və təhlükəsizlik kəmərindən istifadə qaydalarını pozmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətaların törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X4 barəsində AR DİN-nin Quba RPŞ-nin DYP Bölməsinin rəisi X3 tərəfindən verilimiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci, 333.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X4 barəsində AR DİN-nin Quba RPŞ-nin DYP Bölməsinin rəisi X3 tərəfindən verilimiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci, 333.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-2231/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2231/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver