Məhkəmə qərarları › İş №3(027)-225/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-225/2022

05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-225/2022 05.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Quba RPŞ-nin sahə rəisi X3, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli –himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayonu, Digah kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 17.01.2022-ci il tarixdə, saat 18:00 radələrində Quba rayonu, Digah kəndində mübahisə zamanı həyat yoldaşı Dilbər Ələskərovanı yumruqla başına vuraraq döymüş, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə qəsdən fiziki ağrı yetirmişdir. Ona görə də Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi, polis mayoru, X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 04 mart 2022-cı il tarixli inzibati xəta haqqında MN№ 1327115-444 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, birinci həyat yoldaşından boşandıqdan sonra, 2017-ci ldə X5 ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Birinci həyat yoldaşından olan uşaqları məhkəmə qətnaməsi ilə onun himayəsində qalmışdır, 17 yanvar 2022-ci il tarixdə təxminən saat 18 radələrində o, evdə olduğu zaman dostları mobil telefonuna zəng edərək onu çayxanaya çay içməyə dəvət etmişlər. O, da çayxanaya getməkdən imtina edərək bildirmişdir ki, evdə uşaqları ilə oturmuşdur. Sonra həmin dostları həyət qapısının qarşısından onun səsləmiş və o, bayıra çıxmağını və çayxanaya getməyini bildirmişdir. O, həyətə duşduyü zamanı həyat yoldaşı Dilbər də həyətdə olmuş dostlarının ünvanına söyüş söymüş, Dilbərdən niyə söyüş söydüyünü soruşduqda o, da ona «yaxşı elədiyini» demiş, bu zaman o da, Dilbərin yaxasından tutub itələmişdir. 17 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində aralarında mübahisə olsa da Dilbəri vurmamışdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, Şəxs həyat yoldaşıdır. O, mütəmadi olaraq onu incidir, səbəbsiz olaraq söyüb təhqir edir, sərxoş olub onu döyür. 17 yanvar 2022-ci il tarixdə təxminən saat 18 radələrində yaşadıqları evdə həyat yoldaşı Şəxs onunla mübahisə etmiş, onun başına yumruqla, sonra belinə və bədəninin müxtəlif yerlərinə yumruq və təpiklə vuraraq onu döymüşdür. Onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18.01.2022-ci il tarixli, 46 №-li rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunan xəsarətlər-boynunda sol yan tərəfdə sıyrıq , sol bazunun yuxarı 1/3-nin bayır səthində və belində qançır, boynunda sol yan tərəfdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 17 yanvar 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəzziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayana xəsarətlər növünə aiddir. İş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin 14.08.2017-ci il tarixli qətnaməsindən görünür ki, Ələskərova Pərvanə Rəsul qızı ilə Ələskərov Elşad Hacağa oğlu arasında bağlanmış 23.08.2006-cı il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahından 18 iyul 2009-cu il təvəllüdlü X8 və 27.03.2012-ci il təvəllüdlü X1 Elşad Hacağa oğlunun yanında saxlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh tətbiq edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İlk dəfə inzibati xəta törətməsini və himayəsində azyaşlı uşağlarının olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati xəta törətməsi və himayəsində azyaşlı uşaqlarının olması kimi məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və ədalət prinsipini nəzərə alaraq, hesab edirəm ki, Şəxs 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Muradov Çingiz Şakir oğlu tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 2 saat üçün 12 manat pulun “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a ra a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Muradov Çingiz Şakir oğluna sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 2 (iki) iş saatına görə 12 (on iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar